"Jara v Baku" filminin prodüseri: "Filmin personajlarından biri şəhərin özüdür" - VİDEO - FOTO

"Jara v Baku" filminin prodüseri: "Filmin personajlarından biri şəhərin özüdür" - VİDEO - FOTO Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan paytaxtında Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı Jara v Baku olan filmin çəkilişləri davam edir.
Şou-biznes
14 Avqust , 2018 12:39
Jara v Baku filminin prodüseri: Filmin personajlarından biri şəhərin özüdür - VİDEO - FOTO

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan paytaxtında Emin Ağalarovun baş prodüseri olduğu və işçi adı "Jara v Baku" olan filmin çəkilişləri davam edir.

Filmin əsas qəhrəmanları moskvalı qız Darya və bakılı oğlan Muraddır. Filmdə həmçinin iyulun 26-dan 29-dək Bakıda keçirilmiş "JARA-2018" beynəlxalq musiqi festivalında iştirak etmiş Rusiya estradasının ən parlaq ulduzları da çəkiliblər. Kinolayihənin prodüseri Teymur Cəfərovdur.

"Report" xəbər verir ki, Bakıda keçirilən mətbuat konfransında filmin prodüseri T.Cəfərov çəkiliş prosesi, məqsədlər və layihə komandasının üzləşdiyi problemlər barədə danışıb: "Filmdə hər şey ulduzların "Jara"ya gəldiyi təyyarədə başlayır. Elə həmin təyyarədə "Qolos" layihəsinin qalibi olan qəhrəmanımız Daşa da uçur. Ardından filmin hər bir qəhrəmanının arzusunun həyata keçməsinə gətirib çıxaran müxtəlif süjet xətləri başlayır. Filmin personajlarından biri də elə şəhərin özüdür. Bakını əcnəbi tamaşaçıya mükəmməl şəhər kimi təqdim etmək istəyirik".

Onun sözlərinə görə, rejissorun hər şeyə nəzarət edə bilmədiyi belə film çəkmək çox çətindir: "Eksperimentlər apardıq, hər şey, demək olar, real zamanda baş verdi. Hamı - aktyorlar, prodüserlər, rejissorlar üçün qeyri-ənənəvi olan sxemlə çəkdik. Yeni janr yaratmağımız da vəziyyəti qəlizləşdirirdi. Ənənəvi filmdə hər şey əvvəlcədən bilinir, aktyorların hər biri deyəcəyi sözü, rejissorun nə istədiyini bilir. Amma burada biz ulduzların arxasınca gedirdik, məsələn, qırmızı xalıda və çəkilişləri yerindəcə edirdik, onlarla dialoq qururduq. Biz tərəfdən hər şey hazır idi, sadəcə, onların buna necə reaksiya verəcəyini bilmirdik. Bu, əlbəttə ki, riskdir. Biz qeyri-mümkünü edirik, necə alınacağına isə tamaşaçılar qərar verəcək".

Filmdə əsas rollardan birini "JARA" festivalında səhnəyə çıxmaq xoşbəxtliyi yaşamış qəhrəman obrazını canlandıran aktrisa Diana Pojarskaya oynayacaq: "Qəhrəmanım çox xoşuma gəlir. Onu canlandırdığım digər qəhrəmanlardan fərqləndirmək üçün əlimdən gələni edirəm. Ssenari bunu etməyimə imkan verir və mənə elə gəlir, gözəl və maraqlı film alınacaq. Çox şey mənim üçün gözlənilməz oldu, xüsusən də ("JARA" festivalı çərçivəsində) çəkilişlər üçün səhnədə çıxış edərkən. Amma öhdəsindən gəldim. Mənə inanan və məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Bakıda hər şey xoşumuza gəlir. Azərbaycan mətbəxinə heyran olmuşam. Balıq və ət yeməklərini, xüsusilə qutabı sevdim. Şərab da, əlbəttə ki, çox yaxşıdır".

Murad rolunda isə aktyor Nail Abraxmanov çəkilib: "Bir qədər çətin tapşırıq idi. Tatar və dağıstanlı aktyor azərbaycanlı rolunu canlandırmalı idi. Nəsə bir rəng qatmaq, hansı ləhcə ilə danışmaq üzərində fikirləşirdik. Sonda qərara gəldik ki, buna ehtiyac yoxdur (gülür). Amma məncə, bacardıq. Bir həftə yerli sakinlərlə ünsiyyət quraraq onların vərdişlərini, danışıq tərzlərini öyrəndik. Yeri gəlmişkən, deyirlər istilər çox tez-tez çəkiliş prosesinə mane olur. Mən isə əksini deyərdim. Belə havada çəkilmək bizə çox rahat idi".

Qeyd edək ki, filmin Azərbaycandakı distibüter şirkəti "Cinema Distribution"dur və o, "Cinemaplus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Foto/Video: Firi Salim

Son xəbərlər

Orphus sistemi