YUNİSEF: Azərbaycanda əlil uşaqların adi siniflərdə təhsil alması vacibdir

YUNİSEF: Azərbaycanda əlil uşaqların adi siniflərdə təhsil alması vacibdir "Əvvəllər Azərbaycan peyvəndləşmə proqramları üzrə maliyyələşməyə ehtiyac duyurdusa, indi ölkənin özü vəsait ayırmaq iqtidarındadır"
Sosial müdafiə
11 Avqust , 2017 12:44
YUNİSEF: Azərbaycanda əlil uşaqların adi siniflərdə təhsil alması vacibdir

Bakı. 11 avqust. REPORT.AZ/ "Hesab edirəm ki, son illərdə əsas nailiyyət Azərbaycan hökumətinin uşaqlara xidmət sahəsinə sərmayə qoyulmasının əhəmiyyətini anlaması olub. Biz bunu uşaqların peyvənd olunmasında görürük. Əvvəllər Azərbaycan peyvəndləşmə proqramları üzrə maliyyələşməyə ehtiyac duyurdusa, indi ölkənin özü vəsait ayırmaq iqtidarındadır".

Bunu "Report"a YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, ölkənin son illərdə əldə etdiyi nailiyyətlərdən biri də qadınlarda anemiya ilə mübarizə aparmağa imkan verən un məmulatlarına dəmirin əlavə olunmasıdır: "Səhiyyə Nazirliyində və Milli Məclisdə müsbət müzakirələr aparmışıq. Əminəm ki, ilin sonuna qədər anemiyadan əziyyət çəkən anaların sağlamlığına müsbət təsir edəcək proqramının həyata keçirilməsinə başlayacağıq".

E.Karvardin duzun yodlaşdırılması ilə bağlı əhəmiyyətli inkişafın olduğunu da vurğulayıb: "Azərbaycanda bu gün duz 100% yodlaşdırılır və bu, uşaqların inkişafı üçün əhəmiyyətlidir".

Təhsil sahəsindən danışan YUNİSEF rəsmisi uşaqların demək olar, 100% göstərici ilə məktəblərdə təhsil almasını müsbət fakt adlandırıb: "Şagirdlər məktəbəqədər hazırlıq keçsələr, daha yaxşı nəticələr əldə edərlər. Biz bu il Təhsil Nazirliyi ilə 5 yaşlı uşaqların məktəbəqədər hazırlığı proqramı üzərində işləmişik. Proqrama müəllimlərə treninqlərin keçirilməsi, yeni kurikulumun, metodologiyanın hazırlanması daxildir. Hökumət də 5 yaşlı uşaqların məktəbəqədər hazırlıqdakı iştirakını 90% səviyyəsində görmək istədiyini bildirib".

Bundan əlavə, YUNİSEF nümayəndəsi uşaqlarda əlilliyin erkən müəyyən edilməsinin və onların məktəb təhsilinə inteqrasiyasının əhəmiyyətini vurğulayıb: "Azərbaycan Səhiyyə Nazirliyi və Ankara Universiteti ilə birgə keçirdiyimiz proqram əsasında Azərbaycanın 80 pediatrı əlilliyin erkən müəyyən edilməsi üzrə kurs keçib. Bu, əlilliyin insanın inkişafına mənfi təsirini azaldacaq. Keçən il isə əlillər üçün siniflərin uyğunlaşdırılmasına çalışmışdıq və daha çox əlil uşağı normal sinifdə digərləri ilə bərabər şəkildə təhsil almağa cəlb edə bilmişdik. Bu, uşaqların bir yerdə təhsil alması üçün əla üsuldur. Bakıda dörd məktəbdə belə proqram həyata keçirdik, amma bu, kifayət deyil. Bu proqramı ümumrespublika səviyyəsində genişləndirmək lazımdır".

Son xəbərlər

Orphus sistemi