Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) son bir ildə işəgötürənlər tərəfindən 527 574 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bu məbləğin 468 434 manatı (88,8%) əmək haqlarından, 33 932 manatı (6,4%) zərərə görə ödənclərdən, 25 208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.
Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18.6%) və tikinti sektoruna (22.6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub. Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.