Yuxarı

Yanan yataqxana sakinlərinin sığınması üçün çadırlar quraşdırılıb

Yanan yataqxana sakinlərinin sığınması üçün çadırlar quraşdırılıb

Bakı. 6 mart. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri Bakının Nərimanov rayonunda yanğın baş verən məcburi köçkünlərin məskunlaşdığı binada olublar.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, komitənin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar.

Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Məlumatda xatırladılıb ki, yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, onlar dərhal xəstəxanaya aparılıblar. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva Surxay Əliyev dünyasını dəyişib.

Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin təmirinə başlanılıb. Təmir işlərinin çox qısa müddətdə başa çatdırılması üçün zəruri tədbirlər görülür.

Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti sığınacaq üçün çadırlar quraşdırılıb.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi