“Bu ilin 4 ayı ərzində əhalinin nominal gəlirləri inflyasiyanı 2 dəfə üstələyib”.
“Report”un xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əhalinin nominal gəlirləri artmaqla inflyasiyanı daha da üstələyəcək: “Pensiyaların da ilin sonuna qədər artımı gözlənilir. Bütövlükdə, maaş artımı sahəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar bundan sonra da davam edəcək”.
V.Qasımlı qeyd edib ki, əhali gəlirlərini xərcləməsi iqtisadiyyat üçün stimul verir: “Xərcləmək üçün gəlir lazımdır. Hesab edirəm ki, Prezidentin maaş artımı ilə bağlı imzaladığı sosial inqilabi paketi Azərbaycanda iqtisadiyyata da müsbət təsirlər göstərəcək. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar bundan sonra da davam edəcək”.