Yuxarı

Vətəndaşlara ünvanlı dövlət sosial yardımın təyin olunması avtomatlaşdırılır

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşıb

Bakı. 7 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asan və rahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır.

Proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların "Elektron Hökumət" portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul edəcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcək.

Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

Xatırladaq ki, yeni sistem Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi