Yuxarı
    Bağlamaq

    Uşaqların Xocalı soyqırımı ilə bağlı əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub

    Sərgidə 14 nəfərin 120-dən çox təsviri incəsənət əsəri nümayiş olunub

    Bakı. 20 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə nazirliyin əməkdaşlarının uşaqlarından ibarət 14 nəfərin 120-dən çox təsviri incəsənət əsəri nümayiş olunub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçən tədbirdə ilk növbədə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o vaxtkı sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımdan bəhs olunub. Qeyd olunub ki, bu soyqırım zamanı içərisində uşaqlar, qadınlar və qocalar da olan 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideynlərinin birini itirib, 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərin taleyi isə hələ də naməlumdur.

    Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən görülən işlər diqqətə çatdırılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasətinin Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm addımların atılmasına şərait yaratdığı vurğulanıb. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən aparılan məqsədyönlü işlərin, xüsusən Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının xüsusi önəm kəsb etdiyi qeyd olunub.

    Bildirilib ki, hazırkı sərgidə təqdim olunan əsərlər də uşaqların Xocalı soyqırımına baxışlarını, münasibətlərini əks etdirir. Hətta burada 5 yaşlı uşaq da (Kənan Fətullayev) Xocalı haqqında öyrəndiyi məlumatlar əsasında bu mövzuda öz rəsm əsərini hazırlayaraq təqdim edir. Bütün bunlar onu göstərir ki, Xocalı soyqırımı hər bir azərbaycanlının, hətta kiçikyaşlı bir uşağın da yaddaşına həkk olunub və Xocalı həqiqətləri nəsillərdən nəsillərə keçəcək, heç zaman unudulmayacaq.

    Tədbir iştirakçıları təqdim olunan əl işləri ilə tanış olublar. Sərgi-müsabiqədə əl işləri təqdim olunan uşaqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hədiyyələri və nazirliyin Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi