Deputat: "Ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı problemlər qalmaqdadır"

Deputat: "Ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı problemlər qalmaqdadır" Qanuna dəyişiklik layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunub
Sosial müdafiə
10 Fevral , 2015 13:44
Deputat: Ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı problemlər qalmaqdadır

Bakı. 10 fevral. REPORT.AZ/ “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunub.

“Report”un xəbərinə görə, iclasda bildirilib ki, layihə Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunması təklif edilir.

Komitə sədri Hadı Rəcəbli xatırladıb ki, hazırda sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. "Burada da baş məqsəd məmur bürokratiyasına son qoyulması, vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılmasıdır. Əgər vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd-filan düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaqlar".

Komitə üzvü, deputat Rauf Əliyev isə deyib ki, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı hələ də problemlər qalmaqdadır.

H.Rəcəbli isə öz növbəsində deyib ki, bu məsələdə əvvəlki illərlə müqayisədə neqativ hallar hiss olunan dərəcədə aradan qalxıb və qalxmaqdadır.

"Mən bu məsələ ilə bağlı dünən elə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla da bir saata yaxın söhbət etmişəm. O da bildirib ki, bu məsələdə problemlərin həll edilməsi üçün ardıcıl işlər görülür və görüləcək. İnsaf xatirinə də demək lazımdır ki, Səlim müəllim nazir təyin edildikdən sonra bu istiqamətdə xeyli addımlar atılıb, bürokratik əngəllər, vətəndaşların incidilməsi halları əsasən aradan qaldırılıb. Yəni, əvvəlki illərlə müqayisədə bu məsələdə neqativliklərin aradan qaldırılması hissolunan səviyyədədir.

Qeyd edim ki, bu məsələdə vətəndaşların özləri də bəzən günahkardır. Onlar bəzən elə tələblər irəli sürürlər ki, bu, qanunla mümkün deyil. Bəzi vətəndaşlar, hətta mənə müraciət edərək evlə təmin olunmalarını xahiş edirlər. Belə şeylər olmaz, axı. Düzdür, əvvəllər mənə müraciətlər olanda nazirliyə zəng edib deyirdim ki, qanunu pozmadan filankəsin məsələsinə kömək edin.

Çünki o zamanlar vətəndaşların əllərindən kartlarının alınması halları mövcud idi, min bir fırıldaqla məşğul olurdular. Amma son illər belə şeylər yoxdur, indi hər şey qanunla tənzimlənir və güman edirəm ki, bundan sonra da bu istiqamətdə lazımi addımlar atılacaq", - H. Rəcəbli bildirib.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi