Azərbaycanda 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilən kampaniya başa çatıb.
"Report" xəbər verir ki, layihə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılıb.
Kampaniya çərçivəsində ölkədə müxtəlif məzmunlu tədbirlər keçirilib.
Noyabrın 14-15-də Heydər Əliyev Mərkəzində yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaq məqsədilə “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim təşkil edilib.
Beynəlxalq və yerli mütəxəssislərin keçdiyi təlimdə 14-18 yaşarası iştirakçılar psixi sağlamlıq, kiber təhlükəsizlik, həyati bacarıqlar, uşaq hüquqları, sosial mediadan düzgün istifadə, şəxsi brendin yaradılması, hədəf kütlə, texniki göstəricilər, hekayə yaratma və digər mövzularda təlimləndirilib, həmçinin qruplara ayrılaraq tapşırıqlar əsasında hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbirlər çərçivəsində noyabrın 16-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə əməkdaşlıq əsasında “Hüquqlarımız üçün oynayırıq” şüarı ilə həssas kateqoriyadan olan 11-13 yaşarası uşaqlar üçün futbol idman növü üzrə tədbir keçirilib. İlk olaraq Bakı Olimpiya Stadionuna tanışlıq səfəri edən uşaqlar futbolçularla görüşdə iştirak edib, onları maraqlandıran suallara futbolçulardan cavab alıblar.
Şərti olaraq “Uşaqlar vəzifə başında” adlandırılan tədbir həssas kateqoriyalardan olan bir qrup uşağın müxtəlif qurumlara səfərinin, rəhbər şəxslərlə görüş və birgə fəaliyyətlərinin təşkilinə yönəlmişdi. Uşaqların erkən yaşlardan səlahiyyətləndirilməsinə, onlarda özünəinam hissinin artırılmasına, həmçinin sosiallaşmalarına dəstək məqsədi daşıyan tədbir Medianın İnkişafı Agentliyi, Ombudsman Aparatı, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi və Şamaxı Rayon İcra Hakimiyyətində təşkil edilən maraqlı görüşlərlə yadda qalıb. Görüşlər zamanı uşaqlar qurumun fəaliyyəti barədə geniş məlumatlandırılıb, struktur bölmələrin iş prosesi ilə tanış olunub, eləcə də rəhbər şəxslərlə idarəetmə prosesində fəal iştirak edərək, müxtəlif məsələlərlə bağlı maraqlı təkliflər səsləndirilib.
Genişmiqyaslı kampaniyanın fəaliyyətləri əsasında Bakı və regionlarda - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Tərtər, Bərdə, Yevlax, Ağcabədi rayonlarında məktəblilər üçün uşaq hüquqları ilə bağlı məlumatlandırıcı seminarlar təşkil olunub, maarifləndirici materiallar paylanılıb. Seminarlar “Regional İnkişaf” İctimai Birliyinin mövzu üzrə xüsusi təlimlərdən keçmiş könüllüləri tərəfindən aparılıb və fərqli yaş qruplarından 500-dən çox şagirdi əhatə edib.
100-dən çox uşağın iştirakı ilə noyabrın 19-da “Hüquqlara doğru irəlilə” şüarı altında paytaxtın Gənclik parkında marafon-yürüş təşkil olunub. Dairəvi trayektoriya üzrə marafon-yürüşü başa vuran uşaqlar uşaq hüquqları mövzusunda interaktiv və öyrədici oyunlara qatılıb, əyləncəli fəaliyyətlərdə iştirak ediblər.
Həmçinin Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini ictimaiyyətin diqqətinə çatdırmaq üçün uşaq hüquqlarının ən vacib komponentlərini özündə əks etdirən animasiyalı elektron poster hazırlanaraq Bakı şəhərinin mərkəzi küçələrində yerləşdirilib.
Uşaq hüquqlarına simvolik dəstək ifadə etmək məqsədilə noyabrın 20-si axşam saatlarında Bakı şəhərinin görünüşünə xüsusi gözəllik qatan Bakı Kristal Zalı və Milli Gimnastika Arenasının mavi rəngdə işıqlandırılması sakinlər tərəfindən maraqla qarşılanan tədbirlərdən olub.
Qeyd edək ki, kampaniya uşaqları öz hüquqları barədə maarifləndirmək və ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyırdı.