Türkiyədə III Beynəlxalq Qadın və Ədalət Sammiti başlayıb

Türkiyədə III Beynəlxalq Qadın və Ədalət Sammiti başlayıb İstanbul. 23 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində III Beynəlxalq Qadın və Ədalət Sammiti öz işinə başlayıb.
Sosial müdafiə
23 Noyabr , 2018 18:11
Türkiyədə III Beynəlxalq Qadın və Ədalət Sammiti başlayıb

İstanbul. 23 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində III Beynəlxalq Qadın və Ədalət Sammiti öz işinə başlayıb.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Türkiyənin Sosial Xidmətlər və Ailə Nazirliyi ilə Qadın və Demokratiya Dərnəyi (KADEM) tərəfindən “Ailənin gücləndirilməsi!” devizi altında təşkil olunub. 

Sammitə nüfuzlu qadın, uşaq və ailə təşkilatlarının rəhbərləri və ayrı-ayrı ölkələrdən rəsmi qonaqlar qatılıblar. Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitinin açılışında iştirak edib. O, Türkiyənin qadın hüquqlarının qorunmasında əldə etdiyi nailiyyətlərdən danışıb, artıq üçüncü dəfədir keçirilən və dünyada qadınların problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarların alındığı zirvənin bu dəfə də fərqlilik yaradacağına inandığını vurğulayıb. Dövlət başçıs cəmiyyətin təməli sayılan ailənin qarşılıqlı sayğı, sevgi və inam əsasında formalaşdığını və bu ülvi müəssisənin həm qadın, həm də kişi tərəfindən inşa edildiyini deyib. Qadın, ədalət və ailə məsələlərin hər zaman Türkiyənin gündəmində olduğunu deyən Rəcəb Tayyib Ərdoğan tarixin bütün dövürlərində türk xalqlarının qadına verdiyi dəyərdən danışıb: "Qadın anadır, qadın ailədir, qadın cəmiyyətin özəyidir". Hakim Ədalət və İnkişaf Partiyasının qadınların cəmiyyətdəki yeri və rolunu yüksək dəyərləndirdiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, hazırda Türkiyədə qadınlar hüquq-mühafizə orqanlarında, hökumət işlərində, diplomatiyada, biznes və ticarət sahələrində fəaliyyət göstərirlər.

Qadın və Demokratiya Dərnəyinin (KADEM) sədri Seliha Okur Gömrükçüoğlu ailənin bütün cəmiyyətlər üçün əhəmiyyətindən danışıb, müasir dünyada müxtəlif səbəblərdən bir qədər parçalanmaya məruz qalan ailə insitutunun zəifləməsinə, ailə bağlarının qopmasına səbəb olan problemlərin həlli istiqamətində görüləcək işlərdə zirvənin əhəmiyyətinə diqqət çəkib.

Türkiyənin sosial xidmətlər və ailə naziri Zehra Zümrüt Selcuk çıxışında yalnız sağlam ailənin sağlam cəmiyyət formalaşdıra biləcəyini deyib. O, dünya ölkələrinin ailə siyasətinin paylaşılması və bu təcrübələrdən yararlanaraq müasir dünyada ailələrin problemlərinin həlli istiqamətində uğurlu nəticələrin əldə olunması baxımından zirvənin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin ayrı-ayrı istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verən komitə sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, ölkədə insan hüquqlarının müdafiəsi çərçivəsində ailənin inkişafına yönələn tədbirlərə xüsusi diqqət ayrılır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərdən başlayaraq həyata keçirdiyi uğurlu siyasət nəticəsində ailələrin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkəmizdə bu istiqamətdə bir sıra layihələr reallaşıb. Ailə institutunun gücləndirilməsi üçün möhkəm qanunvericilik bazası formalaşıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiqlənən “Gələcəyə Baxış İnkişaf Konsepsiyası”dan və “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”ndən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün hədəflər müəyyən edilib.

O, təcavüzkar Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələrindən bəhs edərək bildirib ki, cəmiyyətimizin ən həssas təbəqəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşən ailələrdir. Onların yenidən cəmiyyətimizə inteqrasiyası, sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması və reabilitasiyası hökumətimizin xüsusi diqqət göstərdiyi məsələdir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. “Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var. O da doğma torpaqlara qayıtmaqdır”,- deyə Hicran Hüseynova diqqətə çatdırıb.

Komitə sədri deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə belə həssas təbəqədən olan ailələr üçün çox böyük işlər görülür. Ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün son illərdə çoxlu sayda binalar tikilib və ailələr mənzillərlə təmin edilirlər. Bütün bunlara baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır.

Konfrans öz işini noyabrın 24-də davam etdirəcək. Tədbir BMT-nin üzv ölkələrinin və digər iştirakçıların “Ailənin gücləndirilməsi” mövzusu üzrə fəaliyyətin artırılması və səylərin gücləndirilməsi üçün öhdəlik və tövsiyələrin müzakirəsi və yekun bəyannamənin qəbul olunması ilə başa çatacaq.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi