"Təmiz Şəhər" "Kaspi" liseyinin daha bir filialında xüsusi tullantı qutuları yerləşdirib

"Təmiz Şəhər" "Kaspi" liseyinin daha bir filialında xüsusi tullantı qutuları yerləşdirib İki fərqli rəngdə olan qabların birinə şagirdlər yalnız pet butulkaları, digərinə isə ancaq lazımsız kağız və karton materialları atacaqlar
Sosial müdafiə
10 Mart , 2016 10:20
Təmiz Şəhər Kaspi liseyinin daha bir filialında xüsusi tullantı qutuları yerləşdirib

Bakı. 10 mart. REPORT.AZ/ "Təmiz Şəhər" ASC "Kaspi" liseyinin Xətai rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirib. Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-nin mətbuat katibliyindən bildirilib.

Məlumata görə, iki fərqli rəngdə olan qabların birinə şagirdlər yalnız pet butulkaları, digərinə isə ancaq lazımsız kağız və karton materialları atacaqlar.

Bununla əlaqədar liseydə tədbir keçirilib və "Təmiz Şəhər"in əməkdaşları təqdimat keçirərək şagirdlərə bu qutulardan düzgün istifadənin qaydalarını izah edib və ümumiyyətlə tullantıların təkrar emalı mövzusunda məlumat verib.

"ASC bu cür layihələrlə məktəblilərdə tullantıları çeşidləmə vərdişlərini aşılamağa çalışır. Səhmdar cəmiyyət müxətlif təhsil müəssisələrində bu və başqa formalı maarifləndirmə layihələri həyata keçirir ki, həmin layihələrlə tullantıların idarə olunması məsələlərinə həm marağı artırır, həm də ətraf mühitin qorunması üzrə gələcək dəstəkçilər yetişdirir. Bu tip proqramlarla ekologiyanın xüsusilə tullantılara aid sahəsinin inkişafı planlaşdırılır", - ASC-dən bildirilib.

"Kaspi" liseyində quraşdırılan tullantı qutularında yığılacaq tullantılar həm də təkrar emala yönəldilərək real fayda götürüləcək – onlardan yeni, istifadəyə yararlı materiallar hazırlanacaq. Misal olaraq, liseyin Sabunçu rayonundakı filialında 2 ay əvvəl qoyulan qablardan indiyədək 500 kiloqrama yaxın maklatura toplanıb. İstifadə olunmuş kağız materiallarının 100 kiloqramı təkrar emala cəlb olunarkən 1 ağacdan hazırlanan kağız qədər yeni material hazırlanır. Liseyin Sabunçu filialının şagirdləri artıq 5 ağacı kəsilməkdən xilas edib. Xətai filialında da bu işlər davam etdiriləcəyindən, şagirdlərin xilas edəcəyi ağacların sayı daha da artacaq.

Son xəbərlər

Orphus sistemi