“Təhlükəsizlik kəməri sizi həyata bağlayır” layihəsi başa çatıb 

“Təhlükəsizlik kəməri sizi həyata bağlayır” layihəsi başa çatıb  Qaliblərə hədiyyələr təqdim olunub
Sosial müdafiə
5 Dekabr , 2016 18:01
“Təhlükəsizlik kəməri sizi həyata bağlayır” layihəsi başa çatıb 

Bakı. 5 dekabr. REPORT.AZ/ "Hed Academy Azerbaijan", Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə başa çatıb.

"Report" xəbər verir ki, noyabrın 3-dən 5-dək davam edən layihə çərçivəsində Azərbaycanda ilk dəfə “Hed Academi Azerbaijan”-a məxsus aşma əleyhinə simulyator geniş ictimayyətə təqdim olunub.

Tədbirin sonuncu günündə Milli Məclisin deputatları Rövşən Rzayev, Mahir Abbaszadə, Rəfael Cəbrayılov, Şahin İsmayılov, Dövlət Yol Polisinin əməkdaşları, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, QHT təmsilçiləri iştirak ediblər.

Layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaq olub. "Park Bulvar"da baş tutan tədbirdə 300 nəfər aşma simulyatorundan istifadə edərək, avtomibilin aşma anını simulyasiya edib və qəza anında kəmərin sürücünü necə qoruduğunun əyani şahidi olub. Aşma simulyatoruna əyləşənlər simulyator dönməyə başladıqda, kəmərin onu necə saxladığını görərək kəmərsiz yarana biləcək təhlükənin şahidi olublar. Onlar həm də müsabiqədə iştirak etmək şansı qazanıblar. Suallara doğru cavab verənlərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM tərəfindən dəyərli hədiyyələr təqdim edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı istənilən aksiyaya dəstək verməyə hazırdır. Xüsusi olaraq təhlükəsizlik kəmərinin əhəmiyyətinə diqqət çəkən V.Əsədov deyib ki, "Hed Azərbaycan"ın tətbiq etdiyi simulyator sürücülər üçün əyani vəsaitdir və bu texnika vasitəsilə kəmərin əhəmiyyətini insanlara daha real şəkildə izah etmək olur. DYP-nin təhlükəsizliklə bağlı gördüyü işlərdən danışan V.Əsədovun sözlərinə görə, təhlükəsizlik kəməri yol qəzaları zamanı insan həyatını 80 faizdən artıq sığortalayır. Bu baxımdan, yol polisinin apardığı təbliğat işləri öz nəticəsini verib və artıq Azərbaycanda, xüsusən də Bakı şəhərində təhlükəsizlik kəmərindən istifadə edən sürücülərin sayı artıb.

"Hed Academy Azerbaijan"ın direktoru Cankat Hurmoğlu kəmərin əhəmiyyətinə toxunub və bildirib ki, kəmər qəza anında insana dəyə biləcək zədələrin sayını minumuma endirir: "Odur ki, kəməri bağlamaq avtomobildə olan hər kəs üçün mütləqdir. Lütfən kəmərimizi bağlayaq ki, əzizlərimiz gözüyaşlı qalmasın".

Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya, təhlükəli maddələrin daşınması, nəqliyyat və avtomobil idarəetmə mövzularında Türkiyə, Almaniya, Azərbaycan, Qazaxıstan,Gürcüstan, Bolqarıstan, Kipr və Rumıniyada neft, nəqliyyat, dərman, sıgorta və inşaat sektorlarında olan firmalara xidmət göstərir və genişspektrli əməkdaşlıq təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlər beynəlxalq səviyyədə yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılmışdır. Hazırda TANAP layihəsinin nəqliyyat sektorunda təhlükəsizliklə bağlı prosedurların yazılması və nəqliyyata nəzarət edilməsi bu şirkət tərəfindən yüksək səviyyədə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi