Yuxarı
    Bağlamaq

    Süpürgəçi işlədiyini ailəsindən gizlədən qadın: “8 Mart günü işdə olacam” - HƏYAT HEKAYƏTİ

    “Çox çətin işdir, çox...”© Report.az

    “Bayramlarda bəzi vətəndaşlar bizə hədiyyə verir: ərzaq, qurbanlıq ət...”

    Bakı. 7 mart. REPORT.AZ/ Biz səhər harasa getmək üçün evdən çıxanda şəhər küçələrinin ya təmiz olduğunu, ya da əlində süpürgə olan müxtəlif yaş kateqoriyasına aid qadınların oraları təmizlədiyini görürük. Görürük və keçirik. Halbuki həmin qadınların hər biri özü ilə bir insan hekayəti daşıyır: öz hekayətlərini. Biz də 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində o qadınlardan biri ilə söhbətləşdik. Beləliklə, “Report” Bakı küçələrini süpürən qadınlardan birinin həyat hekayətini təqdim edir.

    Süpürgəçi işlədiyini ailəsindən gizlədən qadın

    Yazımın qəhrəmanı ilə şəhərin parklarından birində rastlaşdım, sözün düzü, siması mənə çox xoş gəldi deyə məhz ona yaxınlaşdım, çox ehtiyatla məqsədimi dedim. O isə “Qızım, səninlə söhbət etmək mənə xoş olardı, amma bağışla, danışmaq istəmirəm, birdən şəkil çəkib qoyarsan, adımı yazarsan, axı mənim ailəm süpürgəçi işlədiyimi bilmir” - dedi.

    Tanımadığım bu qadının simasındakı ifadəni, gözlərini aşağı salmasını görüb çox təsirləndim. Təbii ki, kimsə özünün, ahıl valideyninin, həyat yoldaşının, qız övladının soyuqda, istidə, boranda, qaranlıqda yola çıxmağını və küçələrdə ictimai işləri ilə məşğul olmasını istəməz, demək ki, bu qadınlar hansısa səbəbdənsə buna məcburdurlar.

    Ona söz verdim ki, nə foto çəkəcəm, nə də adını yazımda qeyd edəcəm. Çətinliklə də olsa razılaşdı.

    Nəhayət G.M. ilə söhbət etməyə başladıq. Öncə nəyə görə ailəsindən işini gizlətdiyini soruşdum, o isə “Mən süpürgəçi işləməkdən utanmıram, bala. Amma bilirəm ki, həyat yoldaşım süpürgəçi işləməyimə razı olmayacaq. Mən isə məcburam işləməyə, çünki o, iş tapa bilmir, evimizə də hardansa pul gəlməlidir. Bu səbəbdən də, ona restoranlardan birinin mətbəxində işlədiyimi demişəm” - deyə cavab verdi.

    58 yaşlı G.M.-nın üzünə sanki nurlu bir sima hopmuşdu, əsl Azərbaycan qadını, fədakar Ana, həyat yoldaşı... O, Bakıda anadan olub, ailə qurandan sonra sovet respublikalarından birinə köçüblər. Uzun müddət orda yaşayıblar, orada da üç övlad dünyaya gətirib: iki qız, bir oğlan.

    İmkansızlığın hekayəti

    “Mən məcbur qalıb bu işlə məşğul oluram. Təhsilim də var, texnikumda oxumuşam. Əvvəllər yaşadığım ölkədə 8-9 il zavodda işləmişəm. Orda hər şey yaxşı idi, təəssüf ki, qalmağımız mümkün olmadı”, - deyir müsahibimiz.

    G.M. Bakıya gələndən sonra müxtəlif yerlərdə çalışıb. Təmizlik işləri ilə məşğul olmağa da məcbur olub. Ən çox özəl şirkətlərdə işləyib. Qəhrəmanım tənha qocalara baxıb, 11 qocanın evinə ərzaqlarını alıb aparıb, onlara yardım və nəzarət edib. Həmin qocaların problemləri olanda, səhhəti pisləşəndə müvafiq qurumlara xəbər verirmiş. Söhbət etdikcə insanlara yardım etməyi, xeyirxahlığı sevən bu qadının simasındakı nurun səbəbini də öyrənmiş oluram.

    “Yolda buz çapırıq, qar təmizləyirik...”

    G.M. ötən ilin ortalarından süpürgəçi işləməyə başlayıb. Deyir işin ağırlığı müxtəlif ərazilərdə işləməyə məcbur olmalarıdır: “Bir yerdə işləmirik, aparırlar fərqli yerlərə. O yola çıxırıq, bu yola aparırlar. Soyuqda lap çətindir... Yollar buz bağlayır, səhər tezdən işə gəlmək olmur, gələndə də işimiz çox ağır olur. Yolda buz çapırıq, qar təmizləyirik. Səhər 7-də işə başlayırıq, 16:00-da işimiz qurtarır. Ən pis işdi, bala. Amma pul qazanmaq üçün işləməliyik”.

    Qəhrəmanım deyir ki, küçəyə hər cür zibil atırlar: “Parklara isə daha çox “semiçka”, siqaret tökürlər. Zibili atanlar düşünməlidirlər ki, biz məcbur olub bu işlə məşğul oluruq, çox çətin işdir, çox... Onlar isə bizim işimizi daha da çətinləşdirirlər. Axı şəhərdə addımbaşı zibil qutuları var, xüsusən də parklarda...”

    Ağır işlə məşğul olanların istirahəti

    Müsahibim və onun iş yoldaşları istirahət günlərini özləri seçir. Lazım olanda, istəyəndə müdirləri onlara icazə verir. G.M. rəhbərliyindən razıdır. Deyir nəsə kömək istəsələr edir, hətta səhhətlərində problem yaranarsa (məsələn, başları ağrısa) müəyyən müddətlik dincəlməyə də icazə verirlər onlara...

    Harda dincəldiklərini, nə yediklərini soruşuram. Qəhrəmanımız deyir ki, saat 11-də onların istirahət vaxtı başlayır və 2 saatadək davam edir: “İcra hakimiyyəti bizə dincəlmək üçün yer ayırıb. Orada otururuq, yeyirik, istirahət edirik. Yeməyimizi evdən gətiririk. Ürəyimiz nəsə istəyəndə atışırıq yoldaşlarımızla, ərzaq alırıq, bişiririk”.

    Bu qədər çətinliklərə, ağır işə baxmayaraq işindən narazı olmadığını deyir müsahibim. Olduğu vəziyyət üçün şükür edir, şükür edir ki, əziyyət çəkib, alın təri ilə halal pulunu qazanır. G.M. həmçinin deyir ki, ailəsinə, həyat yoldaşına dəstək olmalıdır: “Övladlarımdan biri Bakı Dövlət Universitetini bitirib, magistratura pilləsindədə oxuyub, amma iş tapa bilmir. Ailədə hər kəs bir-birinə dəstək olmalı, kömək etməlidir. Yükü bir nəfərin üstünə atmaq olmaz”.

    Süpürgəçilərin bayramı günü və bayram hədiyyəsi

    “Şənbə, bazar, bayram günləri necə, istirahət etməyə icazə verirlərmi sizə” – sualıma “Təbii ki, hamıya birdən icazə vermək olmaz. Bayram günlərində də öz istəyimizlə icazə ala bilərik, yəni kim istəyirsə. Elə işçilər də var ki, heç istirahət günü götürmür, yəni istirahətsiz işləyir. Məsələn, mən bu 8 Mart günü işdə olacam”.

    G.M. deyir ki, hər bayram maaşlarına əlavə olur: “Bayramlarda bəzi vətəndaşlar bizə hədiyyə verir: ərzaq, qurbanlıq ət...”.

    P.S. Məqalədəki təsadüfi fotoların yazının qəhrəmanı ilə əlaqəsi yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi