Sumqayıtda Qadın Resurs Mərkəzinin açılış mərasimi olub.
“Report”un xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı Hicran Hüseynova, USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqx və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin müavini Çaru Bista, həmçinin layihə əməkdaşları iştirak edib.
Dövlət Komitəsinin sədri bildirib ki, Mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək. Onun sözlərinə görə, mərkəz həmçinin gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək: "Qadın resurs mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanması, sahibkarlıq fəaliyyətinə yönəlməsi və özünüinkişafa böyük töhfə verir. Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik. Qadın Resurs Mərkəzində hər kəs mərkəzin fəaliyyəti istiqamətində təkliflərlə müraciət edə bilər".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, mərkəzin yaradılmasında bir neçə yerli və beynəlxaq təşkilat iştirak edib. O, mərkəzlərin səmərəli fəaliyyəti üçün əlindən gələni etməyə çalışacağını bildirib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə vurğulayıb ki, onun təmsil etdiyi qurum hər zaman belə layihələrə dəstək olacaq.
USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə, təşkilat Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərinə dəstək verəcək.
BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist qeyd edib ki, qadınlara və qızlara sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir: "Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzdə saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir".