Sudan səmərəli istifadə ilə bağlı “Bir damcı dəyər verək” kampaniyasına başlanılıb

Sudan səmərəli istifadə ilə bağlı “Bir damcı dəyər verək” kampaniyasına başlanılıb Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə məqsədilə “Bir damcı” adlı maarifləndirici təşviqat kampaniyası davam etdirilir.
Sosial müdafiə
15 Avqust , 2022 12:05
Sudan səmərəli istifadə ilə bağlı “Bir damcı dəyər verək” kampaniyasına başlanılıb

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə məqsədilə “Bir damcı” adlı maarifləndirici təşviqat kampaniyası davam etdirilir.

"Report" xəbər verir ki, bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılan kampaniyanın ikinci mərhələsi “Bir damcı dəyər verək” adı altında reallaşır.

Belə ki, kampaniyanın növbəti mərhələsində gündəlik həyatda rastlaşılan üç müxtəlif situasiyada sudan istifadə zamanı diqqətsizlik səbəbindən nə qədər su israf edildiyini əks etdirən reklam çarxı hazırlanıb.

Layihənin qəhrəmanı "Bir Damcı"nın dili ilə çatdırılan bu situasiyalarda əslində hər gün hamının rastlaşdığı, yaxud hər kəsin özünün iştirakı ilə baş verən suyun israfı halları göstərilir. Bu cür hallar zamanı insanlara sudan qənaətlə istifadə vərdişlərini formalaşdırması aşılanır.

Kampaniyanın əhatə dairəsini genişlətmək məqsədilə reklam çarxından əlavə paytaxtın müxtəlif yerlərində küçə reklamları, posterlər yerləşdirilib, radiostansiyalarda reklamlar yayımlanıb, sosial şəbəkələrdə interaktiv məzmun paylaşılıb.

Qeyd edək ki, kampaniyanın birinci mərhələsi bir ay əvvəl başlanılıb. “Bir damcı öyrənək” şüarı ilə kampaniyada su mənbələrinin dəyərinin dərk edilməsi, sudan qənaətli istifadə vərdişlərinin aşılanması və bunların sayəsində gələcək nəsillərin su ilə təmin olunmasında yaşana biləcək təhlükələrin qarşısının alınmasının vacibliyi vurğulanıb və geniş auditoriyaya çatdırılıb. Televiziya kanalları, çöl reklam daşıyıcıları, rəqəmsal platformalar da daxil olmaqla müxtəlif kommunikasiya vasitələrini əhatə edən kampaniyaya bloqer və məşhurlar da cəlb olunub.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” kommunikasiya agentliyi tərəfindən hazırlanıb, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

Kampaniya barədə ətraflı məlumatı birdamci.az veb-saytından, layihənin FacebookInstagram səhifələrindən almaq mümkündür.

Xatırladaq ki, Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi 10%-i ölkəmizin payına düşür. Bundan əlavə yerüstü su ehtiyatlarımızın böyük bir hissəsi transsərhəd çaylar hesabına formalaşır və şirin su ehtiyatlarımızın 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır.

Azərbaycanın içməli su təminatında yaşana biləcək hər hansı bir çətinlik də ilk növbədə coğrafi amillər ilə bağlıdır.

Kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi