Nazirlik: Sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanlar 489 minə yaxın şəxsə şamil olunacaq

Nazirlik: Sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanlar 489 minə yaxın şəxsə şamil olunacaq Onlardan 49 430 nəfəri Qarabağ müharibəsi əlilləridir
Sosial müdafiə
21 Yanvar , 2016 11:13
Nazirlik: Sosial müavinətlərin və təqaüdlərin artırılması barədə fərmanlar 489 minə yaxın şəxsə şamil olunacaq

Bakı. 21 yanvar. REPORT.AZ Prezident İlham Əliyevin sosial müavinətlərin və müharibə əlillərinə verilən Prezident təqaüdlərinin artırılması barədə fərmanları 489 000 nəfərə yaxın şəxsə şamil olunacaq. 

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” 19 yanvar 2016-cı il tarixli fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir: "Fərmana əsasən, müharibə əlillərinə verilən Prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib.

Fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 min nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək".

Məlumatda qeyd olunub ki, dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 19 yanvar 2016-cı il tarixli fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur: "Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq".

Qeyd edək ki, hər iki fərmanla müharibə əlillərinə verilən (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Prezident təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu fərmanların əhatə etdiyi vətəndaşların 62 046 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir.

Son xəbərlər

Orphus sistemi