Sona Vəliyeva: "Azərbaycan televiziyaları qəhrəman, fədakar qadınları təbliğ etməlidir"

Sona Vəliyeva: "Azərbaycan televiziyaları qəhrəman, fədakar qadınları təbliğ etməlidir" Qadınlarla bağlı yazı müsabiqəsi elan olunub
Sosial müdafiə
17 Aprel , 2015 19:03
Sona Vəliyeva: Azərbaycan televiziyaları qəhrəman, fədakar qadınları təbliğ etməlidir

Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda məqalə müsabiqəsi elan edib.

"Report" xəbər verir ki, aprelin 17-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə bildirilib ki, müsabiqədə yaşı 35-dək olan gənc jurnalistlər iştirak edə bilərlər. Müsabiqə ümümmilli lider Heydər Əliyevin doğum günü münasibətlə keçiriləcək.

Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva deyib ki, Azərbaycan qadınlarının qarşısında mühüm vəzifələr durur: "Azərbaycan televiziyaları qəhrəman, fədakar qadınları təbliğ etməlidir. Son zamanlar televiziyalarda həyatı örnək olacaq, nümunə gətiriləcək xanımlar əvəzinə elə qadınlar təbliğ edilir ki, sanki cəmiyyətdəki bütün qadınlar elə onlardan ibarətdir. Amma belə deyil. Jurnalistlər yazılarında, çəkdikləri verilişlərdə problemin həlli yolu göstərməlidirlər. Niyə jurnalist plagiatlığa yol verməlidir? Hər kəs öz əməyini ortaya qoymalıdır".

Sona Vəliyeva qeyd edib ki, bəzən yaşı 30-a qədər olan gənc qadınlar mənəvi kasadlıqdan, var-dövlət arzusu ilə Bakıya üz tuturlar və sonda acınacaqlı duruma düşürlər.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınına ən yüksək qiyməti ümummilli lider Heydər Əliyevin verdiyini deyib: "Məhz bu səbəbdən də, qadınlara həsr edilən bu müsabiqəni ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində  keçiriləcək. Müsabiqəyə ötən ildən başladıq. Amma etiraf edim ki, ötən il müsabiqəyə təqdim edilən yazıların keyfiyyəti ürək açan deyildi. Kifayət qədər jurnalist fəallığı da görə bilmədik. Təqqdim edilən yazılar maraqlı deyildi. Elə yazılara rast gəlirdik ki, hər sözü, cümləsiplagiat idi. Ona görə bu dəfəki müsabiqədən daha gözəl nəticələr gözləyirik. Elə yazılar istəyirik ki, ürəyimizdən tikan çıxara bilsin"

Deputat Qənirə Paşayeva deyib ki, jurnalistlər yazılarında qadın adı çəkəndə yalnız məmur, vəzifə sahibi olan qadınları nəzərdə tutmasınlar: "Sadə ev xanımı haqqında maraqlı yazı yazmaq olar. Müsabiqə üçün yazı yazanda özünüzdən, ailənizdən, qonşunuzdan başlayın. Ən maraqlı yazılar məhz belələri olur.

Mən istəyirəm qadınlara həsr edilən yazı müsabiqəsində kişi jurnalistlərimiz daha fəal olsunlar. Çünki, qadının dərdindən, problemindən qadın yazanda, danışanda bunu feminizm kimi qiymətləndirirlər. Amma kişi jurnalistlər bu barədə nəsə yazsa, daha maraqlı olar. Qarşı tərəfin fikirlərini öyrənərik".

Gender məsələləri üzrə mütəxəssis, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə bildirib ki, Azərbaycanda əhalinin 51%-dən çoxunu qadınların təşkil edir: "Qəzet səhifələrində, saytlarda hər gün qadın zorakılığı ilə bağlı müxtəlif yazıların dərc edilir. Uşaqlarımız ana laylası, Azərbaycan nağılları yerinə "Maşa və ayı" ilə böyüyür və yad personajları, özgə musiqini daha yaxşı tanıyır. 

Televiziyalar qısa yubkalı qızları, şou əhlini təbliğ edir. Məgər Azərbaycan qadınları çalıb oxuyanlardan, şou əhlindən ibarətdir? Bədbəxt taleli qadınları televiziya verilişlərinə çıxarıb nə qədər ağlaşma qurmaq olar. Axı, Azərbaycan qadını belə yazıq, belə zavallı deyil. Təhsilli, peşəsi, sənəti olan xanımları təbliğ etmək lazımdır. Şou nümayəndəsi yerinə, əli qabarlı çörək bişirəni, səhər tezdən yol süpürən xadiməni tapmaq, göstərmək lazımdır. Müsabiqədə yazı yazacaq hər bir jurnalistlər bu məqamlara diqqət etməlidir".

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında olan məlumatı [email protected] eletron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.

Son xəbərlər

Orphus sistemi