Nazir müavini: "Son 10 ildə məşğulluqda özəl sektorun payı xeyli yüksəlib"

Nazir müavini: "Son 10 ildə məşğulluqda özəl sektorun payı xeyli yüksəlib" Beynəlxalq Əmək Konfransının 104-cü sessiyasında Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan islahatlardan bəhs olunub
Sosial müdafiə
8 İyun , 2015 12:18
Nazir müavini: Son 10 ildə məşğulluqda özəl sektorun payı xeyli yüksəlib

Bakı. 8 iyun. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 104-cü sessiyası keçirilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib

Tədbirin gündəliyi BƏT-in Konvensiya və tövsiyələrinin icra vəziyyəti, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, kiçik və orta müəssisələr, layiqli məşğulluğun təmin olunması və s. məsələləri əhatə edib.

Sessiyanın plenar iclasında çıxış edən İ.İsayev məşğulluğun təminatında mühüm rola malik kiçik və orta sahibkarlığın inkişafı, qeyri-formal məşğulluğun aradan qaldırılması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması sahəsində BƏT-in səylərinin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Nazir müavini deyib ki, son 11 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın xarici sərmayə cəlb edilib, işsizlik və yoxsulluq kəskin şəkildə azalaraq 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, sosial rifahın davamlı yüksəlişi təmin olunub: "Respublikada əldə olunan maliyyə imkanları Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğalı nəticəsində öz ölkəsində məcburi köşkünə çevrilən 1 milyondan çox insanın sosial təminatına və məşğulluğunun həllinə şərait yaradıb. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və onlar əsasən kiçik və orta sahibkarlıq subyektləridir".

O, ölkədə icra olunan məşğulluq strategiyası, sosial partnyorluq sistemini inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin yaradılması sahələrində aparılan işləri və uğurlu nəticələri qeyd edib: "Daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində 1 milyon 300 min iş yerləri yaradılıb ki, onların 79 faizi regionlarda, 87 faizi qeyri-dövlət sektorunda, əksəriyyəti isə qeyri-neft sektorunda açılıb".

Azərbaycanın 2020-ci ilə qədər olan dövrü əhatə edən xüsusi İnkişaf Konsepsiyası barədə məlumat verən İ.İsayev bu sənədə uyğun olaraq, işçi vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, əhalinin ümumi gəlirlərində əməyin ödənilməsinin payının artırılması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, qeyri-formal məşğulluğun qarşısının alınması və s. istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi