Son 10 ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan şikayətlərin sayı açıqlanıb

Son 10 ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan şikayətlərin sayı açıqlanıb Komitənin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib
Sosial müdafiə
5 Fevral , 2016 16:17
Son 10 ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan şikayətlərin sayı açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi münasibətilə “Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişafı 2006-2016-cı illərdə” mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdən əvvəl komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. 

Komitə nümayəndələri sonra Şəhidlər xiyabanına gələrək şəhidlərin xatirəsini yad ediblər və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqaları iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin fəaliyyət istiqamətləri və 10 il ərzində görülən işlər barədə danışıb və gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib.

Tədbirdə çıxış edən komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 10 il ərzində komitəyə 19 389 ərizə daxil olub: “Bunlardan 2 866-sı müalicə və müayinə olunma, 2 687 işlə təmin olunma, 2 374-ü mənzil şəraitinin yaxşılaşdırılması, 3 426-sı maddi yardım verilməsi ilə bağlı olub”.

Tədbirdə həmçinin qeyd edilib, komitə Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ailə, qadın və uşaq məsələlərinin əlaqəli surətdə həllinə yönəldilib. Ötən 10 il ərzində şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə müxtəlif qurumlarla birgə genişmiqyaslı məlumatlandırıcı, maarifləndirici tədbirlər həyata keçirilib.

Tədbirdə Azərbaycanın ailə, qadın və uşaq siyasətini və komitənin 10 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sonda Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan komitənin əməkdaşlarına medallar təqdim olunub və komitənin tərəfdaşlıq etdiyi dövlət orqanlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi