Yuxarı
    Bağlamaq

    “Şıxlı” sərhəd nəzarət-buraxılış məntəqəsində yeni miqrasiya bölməsi fəaliyyətə başlayıb

    © migration.gov.az

    Bakı. 6 dekabr. REPORT.AZ/ “Şıxlı” sərhəd nəzarət-buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti (DMX) və Dövlət Sərhəd Xidməti (DSX) rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılışı keçirilib.

    Bu barədə "Report" DMX-nın mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov və DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək, ölkədə quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini qeyd edib, yeni bölmənin fəaliyyətinə uğurlar arzu ediblər.

    Fəaliyyətə başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

    Yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.

    Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

    Ümumiyyətlə, ilin sonunadək “Astara” (Azərbaycan Respublikası-İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

    Xatırladaq ki, ötən aydan “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsi fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi