Yuxarı

Səyyar “ASAN xidmət” Goranboyda vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” Goranboyda vətəndaşlara xidmət göstərəcək
Xidmətləri Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi göstərir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Səyyar "ASAN" xidmət sentyabrın 19-dan oktyabrın 5-dək Goranboy şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bundan başqa Səyyar ASAN qatar 5 – 19 sentyabr Horadiz şəhərində, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 6 – 20 sentyabr Hacıqabul şəhəri və Abşeron rayonunun Güzdək qəsəbəsində, 6 – 25 sentyabr Göyçay şəhərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. 

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi