​"Səyyar ASAN xidmət" eyni vaxtda 10 regionda xidmət göstərəcək

​"Səyyar ASAN xidmət" eyni vaxtda 10 regionda xidmət göstərəcək Bu günədək "Səyyar ASAN xidmət" vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib
Sosial müdafiə
20 Noyabr , 2015 18:49
​Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Artıq ölkə vətəndaşları “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi 10 regionda eyni vaxtda "Səyyar ASAN xidmət"in xidmətlərindən yararlana biləcəklər.

Agentliyin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab və Neftçalada "Səyyar ASAN xidmət"in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu əhaliyə xidmət göstərəcək.

Xatırladaq ki, "Səyyar ASAN xidmət" 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da "Səyyar ASAN xidmət"in ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, "Səyyar ASAN xidmət"in 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. 

Qeyd edək ki, bu günədək "Səyyar ASAN xidmət" vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib.

"Səyyar ASAN xidməti"n həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi