Yuxarı
    Bağlamaq

    Səyyar “ASAN xidmət” bir neçə rayonda vətəndaşlara xidmət göstərəcək

    Xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir© ASAN xidmət

    Bakı. 7 mart. REPORT.AZ/ Səyyar “ASAN xidmət” martın 9-dan 18-dək Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Səyyar “ASAN qatar” isə Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

    Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

    Bundan başqa, Səyyar “ASAN xidmət” avtobusları martın 18-dək Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, martın 16-dək Saray qəsəbəsində, martın 18-dək Xudat və Ağdaş şəhərlərində vətəndaşların xidmətində olacaq.

    Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

    Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

    Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi