Yuxarı

​Səyyar "ASAN xidmət" 9 rayonun sakinlərinə xidmət göstərəcək - SİYAHI

Xidmətlər Ədliyyə, Daxili İşlər Nazirliyi, DSMF və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur

Bakı. 27 aprel. REPORT.AZ/ Səyyar "ASAN xidmət" aprelin 27-dən mayın 10-dək Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarının sakinlərinə xidmət göstərəcək. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Səyyar "ASAN xidmət" həmin müddətdə 9 rayonun əhalisinə Füzuli rayonunda xidmət edəcək.  

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi