Səyyar “ASAN Xidmət” 4 məntəqədə vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN Xidmət” 4 məntəqədə vətəndaşlara xidmət göstərəcək Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir
Sosial müdafiə
13 İyun , 2017 19:05
Səyyar “ASAN Xidmət” 4 məntəqədə vətəndaşlara xidmət göstərəcək

Bakı. 13 iyun. REPORT.AZ/ Səyyar "ASAN Xidmət" iyunun 13-22-də Xızı şəhəri və Xəzər rayonunun Zirə qəsəbəsində, iyunun 14-dən 23-dək Abşeron rayonunun Hökməli qəsəbəsində, iyunun 14-dən iyulun 3-dək Qazax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Həmçinin, səyyar avtobuslar 22 may – 20 iyun Qusarda, 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 5 – 19 iyun Ağdamda, səyyar ASAN qatar 10 – 24 iyun Mingəçevirdə vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi