Bakı. 3 Dekabr. REPORT.AZ/ Dekabr ayının 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
"Report" hakim Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın Beynəlxalq Əlillər Gününə həsr olunan "Sevgi və ümidlə həyata qalib gələk!" adlı məqaləsini təqdim edir.
Hərdən düşünürəm ki, “xoşbəxtliyin qığılcımları” olan təbəssümlər olmasaydı, həyatımız necə də solğun və mənasız olardı. Dünyamıza günəş kimi doğan bu təbəssümlərdən müsbət enerji alaraq yaşayırıq. Bəlkə də bunun çox zaman heç fərqinə də varmırıq…
BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qanuna əsasən hər il 3 dekabr bütün dünyada "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunur. Həmin kateqoriyaya daxil olan yüz minlərlə insan bu tarixi özünün bayramı, mövcudluğunun, dəyərinin vurğulandığı bir gün kimi keçirir.
Həyatımın bütün mərhələlərində əlil şəxslərlə ünsiyyətdə olmuşam və onlar arasında öz istedadları, bacarıqları, iradələri ilə məni sözün yaxşı mənasında təəccübləndirənlərin sayı kifayət qədər çox olub. Lakin yolum “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi ilə qovuşanadək, onları bu qədər yaxından müşahidə etmək və tanımaq fürsətim olmamışdı. İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndəki şəxslərin timsalında “Günəş təbəssümü”nün sirrini kəşf etdim. “Qayğı Uşaq Reabilitasiya Mərkəzi”ndə reabilitasiya keçən azyaşlı uşaqlar mənə gözlərdəki ümid dolu parıltının nə qədər böyük bir gücə malik olduğunu göstərdilər…
Bu mərkəzlərdə Daun sindromlu şəxslər və serebral iflicdən əziyyət çəkən uşaqlar reabilitasiya keçirlər. Onlar xəstə yox, iki müxtəlif “fərqlilik mənbəyi” olan qrupa daxil olan şəxslərdir. Onların olduqca çətin xoreoqrafiyaları yadda saxlaya bilməkləri və ən əsası isə qarşısında çıxış edəcəkləri tamaşaçıların sayı nə qədər çox olursa olsun, qətiyyən həyəcanlanmamaqları, çaşmadan ifalarını başa çatdırmaqları məni hər zaman heyrətləndirir. Çünki insan yalnız öz gücünə, bacarığına tam əmin olduqda ona verilən tapşırığın öhdəsindən həyəcanlanmadan, gərginlik keçirmədən gələ bilər. Deməli, bu uşaqlarda bizim dərk edə bilmədiyimiz qədər dərin bir özünə inam var imiş… Daun sindromlu və serebral iflicli uşaqlarımızın rəsmlərini, əl işlərini görənədək məsum, körpə qəlbli bu insanlarda nə qədər zəngin daxili aləm ola biləcəyini təsəvvür belə etmirdim. Onlar üçün rənglər və fırçalar “kağızın üzərinə müxtəlif fiqurlar atma” yox, “sonsuz ənginlikdəki duyğuları nümayiş etdirmə” vasitəsidir… Bu uşaqların istedadlarını gördükcə heyrətlənərək, hər birinin gələcəkdə əsl şəxsiyyət kimi formalaşacağına daha da əmin oluram.
“Əlil” sözünü “məhdudluq” kimi qəbul edənləri anlaya bilmirəm. Bu insanların nə dərəcədə dərin, məsum, daxilən zəngin olduqlarını gördükcə, başa düşürəm ki, “məhdudluq” motivi daşıyan əlillik fiziki yox, mənəvi bir anlayışdır. Gözlərinin və ürəyinin qapılarını mərhəmət, sevgi kimi hisslərə bağlayanlardır əsl əlillər! Axı bağlı gözlər yalnız qaranlığı görə bilər…
Balaca addımları ilə qarşısındakı istənilən insana tərəddüd etmədən özünün ən isti baxışlarını bəxş edən serebral iflicli şirinlərimiz - Ləman, Cavanşir, Murad, Nailə, Oruc mənə saflığın, məsumluğun insan üçün heç vaxt itirilməməli olan bir sərvət olduğunu öyrədib. Daun sindromlu Günay, Nigar, İlham, Nihad, Rəvanın timsalında bizi bütün çətinliklər qarşısında dözümlü edən ən güclü silahın təbəssümümüz olduğunu dərk etmişəm. “Əlil” kateqoriyasına mənsub olan bu uşaqlar mənim gözümdə təmənnasız sevginin, etimadın, saflığın və digər mənəvi keyfiyyətlərin insan vücuduna bürünmüş təcəssümləridirlər. Hərdən mənə elə gəlir ki, onlar “insan” anlayışından belə daha üstün varlıqlardır…
“Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin bir parçası olmazdan öncə də düşünürdüm ki, əlil insanların bizlərə ehtiyacı var. Lakin indi anlayıram ki, bu şəxslər həm də cəmiyyət üçün müstəsna əhəmiyyət kəsb edirlər. Həyatımızın mənalı, rəngarəng və müsbət emosiyalarla zəngin olması üçün istər Daun sindromlu və serebral iflicdən əziyyət çəkən şəxslərlərin, istərsə də digər əlil insanların istedad və bacarıqlarına, habelə köməyinə, dəstəyinə, gülüşünə, ümumiyyətlə varlığına ehtiyacımız var.
Onlar “xüsusi qayğıya ehtiyac olan” yox, “xüsusi” insanlardır. Hər hansı bir şəxsi ona qoyulmuş diaqnoza baxaraq dəyərləndirəndə, bu insanın əsl dəyərini, istedadını və özünəməxsusluğunu nəzərdən qaçıra bilərik. Gəlin, onların bacara bilmədiklərini deyil, bacardıqlarını qiymətləndirək! Gəlin, hamının bildiyi bir dildə - sevginin dilində danışaq! Hər biri sonsuz bir ümman olan bu şəxsiyyətləri həyatımıza daxil edək və onlarla birləşərək daha da güclənək! Gəlin, sevgi və ümidlə həyata qalib gələk!