Serebral iflicdən əziyyət çəkən uşaqların məzun günü keçirilib

Serebral iflicdən əziyyət çəkən uşaqların məzun günü keçirilib Tədbirin sonunda məzunlar diplomla təltif edilib və uşaqlara hədiyyələr verilib
Sosial müdafiə
3 İyun , 2015 14:08
Serebral iflicdən əziyyət çəkən uşaqların məzun günü keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami Rayon Təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, həmçinin məzun günü münasibətilə tədbir keçirib. "Report"un xəbərinə görə, tədbirdə YAP Nizami rayon təşkilatının Gənclər Birliyi və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva və başqaları iştirak ediblər.

Sevinc Abdullayeva çıxış edərək tədbirdə iştirak edən uşaqları həm 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, həm də məzun olmaları münasibətilə təbrik edib: "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Uşaqların Beynəlxalq Müdafiə Günü Azərbaycanda hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir. Məzun olan balacalara müvəffəqiyyət və sevinc dolu bir gələcək arzu edirəm".

YAP Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva uşaqları baxçanı bitirmələri münasibəti ilə təbrik edib və onlara təhsillərinin növbəti mərhələlərində uğurlar arzulayıb.

Tədbirdə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin uşaqları çıxış edib. Həmçinin balacalar üçün müxtəlif oyunlar göstərilib, şən klounlar maraqlı səhnəciklər nümayiş etdiriblər. Tədbirin sonunda məzunlar diplomla təltif edilib və uşaqlara hədiyyələr verilib. 

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Bakının Nizami rayonunda yerləşən reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi