Bakı. 10 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonunda inşa olunan 3 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təqdim edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, evlərin təqdim olunması zamanı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini vurğulayıb. O bildirib ki, ölkəmizdə bütün sosial proqramlarla bərabər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də tədbirlər də uğurla davam etdirilir.
Qeyd olunub ki, 2015-2016-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və respublikamızın bölgələri üzrə ümumilikdə 569 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, Şəmkir rayonunda da yeni fərdi evlər inşa olunmaqdadır, yaxın günlərdə onların tikintisi işləri də tamamlanacaq və istifadəyə veriləcək.
Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.