Yuxarı

Səlim Müslümov: "Cəmiyyətdə əlilə qarşı münasibət dəyişməlidir"

Nazirin sözlərinə görə, vətəndaşlar əlillik dərəcəsinin alınmasına gəlir vasitəsi kimi baxırlar

Bakı. 27 yanvar. REPORT.AZ/ "Hesab edirəm ki, ancaq dünyasını dəyişən insanın əmək qabiliyyəti yoxdur. Nəfəs alan hər bir şəxsin əmək qabiliyyəti var". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümovun sözlərinə görə, cəmiyyətdə əlilə qarşı münasibət dəyişməlidir: "Çox istərdim ki, cəmiyyətdə əlilliyə münasibət dəyişsin. Hazırda bizdə qanunla da əlil insan əmək qabiliyyəti olmayan şəxs kimi qələmə verilir. Hesab edirəm ki, bu, sovet dövründən qalma yanaşmadır və doğru yanaşma deyil. Ona görə həm qanunvericiliyimizdə, həm də cəmiyyətdə bunu dəyişməyə çalışırıq. Sovet dövründə insanlar övladlarının yaxud özlərinin əlil olduğunu gizlədirdilərsə, indi əksinə, əlillik qrupu almaq uğrunda mübarizə gedir. Hamı buna gəlir vasitəsi kimi baxır. Statistika Komitəsindən xahiş edirəm ki, gələcək sorğu və ya siyahıyalmalarda insanların özlərini əlil hesab edib-etməməsi ilə bağlı sorğu da əlavə edilsin".

"Aran iqtisadi zonasında rayonlarda əlillik statistikası fərqlidir. Məsələn, Kürdəmirdə əlilliyin səviyyəsi ümumi əhalinin səviyyəsinə nisbətən 4,5%-dirsə, Saatlıda 7,5%, İmişlidə isə 8%-dir. Yardımlı və Cəlilabad kimi rayonlarda bu, daha yüksəkdir. Amma Neftçalada 5%-in altındadır, Salyanda isə 5%-dir. Yəni, insanlar bunu konfidensial informasiya saymır və bundan gəlir kimi istfadə etmək istəyir".

Nazir insanların əlillik pensiyası almaq üçün qanunsuzluqlar da etdiyini açıqlayıb: "Bizə Şəkidə bir valideyn iki övladının əlilliyinin olub-olmaması ilə bağlı informasiya istədi və biz məlumatları verdik. Səbəbini soruşduqda dedi ki, Şəki Statistika İdarəsindən ona bildiriblər ki, övladlarının əlilliklə bağlı pensiyasının vaxtı bitib və buna görə sənədləri yenidən təqdim etməlidir. Araşdırdıq və məlum oldu ki, qadının qaynanası ondan xəbərsiz uşaqları aparıb və əlillik pensiyası düzəltdirib. Qadın bu səbəbdən boşanıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi