​Səlim Müslümov: "Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün iki yaşayış binası tikiləcək"

​Səlim Müslümov: "Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün iki yaşayış binası tikiləcək" “Hazırda dövlət uşaq müəssisələrində 9,8 mindən çox belə uşaq dövlət himayəsində yaşayır”
Sosial müdafiə
30 İyun , 2016 13:53
​Səlim Müslümov: Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün iki yaşayış binası tikiləcək

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycanda dövlət uşaq müəssisələrində valideynlərini itirən və valideyn himayəsindən məhrum olan 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır". 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu əmək və əhalinin sosial naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində deyib.

Onun sözlərinə görə, həmin müəssisələri tərk edən uşaqları yaşayış yeri ilə təmin etmək məqsədi ilə Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verilib: "Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub. Məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar. Ürəkaçan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad ediliblər. Hətta cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssəsədə işlə təmin olunublar. Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.

Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır: "Son iki il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilib. 2015-ci ildə 13 679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib".

S.Müslümov penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial inteqrasiyası məsələlərinə də toxunub: "Həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonu ərazisində 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcəkdir. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur. 2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunub, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5 823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilib”. 

Nazir insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinin də diqqət mərkəzində olduğunu qeyd edib: “İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir. Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub. Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilib, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyaslarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına köməklik göstərilib”.

S.Müslümov bildirib ki, ölkə üzrə əhalinin sosial xidmətlərə olan ehtiyacları müəyyən edilən və buna uyğun olaraq sosial xidmət sahəsində prioritet layihələr müəyyənləşdirilib. UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində sosial xidmətlərin vahid monitorinq sisteminin yaradılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi