Səlim Müslümov Lerikdə 5 rayonun sakinləri ilə görüşüb

Səlim Müslümov Lerikdə 5 rayonun sakinləri ilə görüşüb “Nazirlik 2016-cı ilin ilk yarımilində 5 rayon üzrə 2 810 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib”
Sosial müdafiə
22 İyul , 2016 12:16
Səlim Müslümov Lerikdə 5 rayonun sakinləri ilə görüşüb

Bakı. 22 iyul. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda bu rayonun və Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirliyin imtiyazlı şəxsləri mənzillə təmin etməsi, məşğulluğun təminatına və müalicəyə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya vasitəsi ilə təmin edilməsi və s. məsələlərlə bağlı müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. 

S.Müslümov ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin normal qaydada davam etdirildiyini, keçən il və cari ilin ötən dövründə bu təbəqələrə aid 500-ədək şəxsə yeni mənzil təqdim ediliyini nəzərə çatdırıb: “Hazırda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 fərdi yaşayış evi tikilir və ilin sonunadək bu rayonlarda daha 13 evin inşasına başlanacaq”.

Qəbul zamanı müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yerindəcə tədbirlər görülüb, onlara təklif edilmiş boş (vakant) iş yerləri sırasından seçdikləri iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin hazırda sakinlərini qəbul etdiyi rayonları da əhatə etdiyini diqqətə çatdırıb: “Belə ki, cari ilin ilk yarımilində məşğulluq orqanları bu rayonlar üzrə 2 810 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib, habelə ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunublar”.

S.Müslümovun tapşırığına uyğun olaraq ayrı-ayrı şəxslər müraciətlərinə əsasən nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar. Qəbul zamanı Lerik rayonundan iki nəfər vətəndaşın müraciətlərində əksini tapan məsələ yerindəcə həll olunaraq, onların sağlamlıq imkanları məhdud 18 yaşadək övladlarına əlil arabası verilib. Həmçinin bir nəfər şəxsin əmək hüquqlarının müdafiəsi üçün müvafiq araşdırma aparılması tapşırılıb. Bir sıra vətəndaşların müraciətləri sorğu xarakteri daşıdığından onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi