Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb

Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb "Bu 5 rayon və şəhər üzrə bu ilin ilk rübündə 1 815 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib"
Sosial müdafiə
28 Aprel , 2017 18:58
Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb

Bakı. 28 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda bu rayonun, Yevlax, Ağdaş rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, vətəndaşların müraciətləri əsasən imtiyazlı şəxslərin mənzillə təminatı, bərpa müalicəsi xidmətinin göstərilməsi, sığorta və pensiya münasibətləri, məşğulluğun təmin edilməsi, özünüməşğulluq fəaliyyətinin qurulmasının dəstəklənməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. 

Nazirliyin aidiyyəti rəhbər vəzifəli şəxslərinin də iştirakı ilə hər bir müraciətin araşdırılaraq cavablandırılması təmin olunub.

Görüşdə nazir dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası işləri çərçivəsində nazirlik tərəfindən son iki ildə Goranboy, Yevlax, Ağdaş rayonları, Mingəçevir, Naftalan şəhərləri üzrə də 30 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib. S.Müslümov eyni zamanda son illərdə Goranboy rayonunda yeni inşa olunmuş 54 mənzilli yaşayış binasının da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunduğunu, hazırda bu bölgədə qeyd olunan kateqoriyalara aid şəxslər üçün evlərin tikintisinin davam etdirildiyini diqqətə çatdırıb: “Bölgə üzrə məşğulluğun təminatı da diqqətdə saxlanılır. Nazirliyin məşğulluq orqanlarının xətti ilə bu 5 rayon və şəhər üzrə cari ilin ilk rübündə 1815 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib, 100 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində Goranboy, Yevlax, Ağdaş rayonlarından, Mingəçevir, Naftalan şəhərlərindən də təlim kurslarına cəlb olunmuş şəxslərdən 63 nəfərin biznes-planları uğurlu hesab edilib, artıq onlardan bir qrupuna ailə təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Digərləri də qısa vaxt ərzində ailə bizneslərini formalaşdırmaları üçün aktivlərlə təmin olunacaqlar”.

Görüşdə bir sıra müraciətlərdə əksini tapan məsələlərin yerindəcə həll olunması üçün müvafiq tədbirlər görülüb. İşlə təmin olunmaq üçün müraciət edən şəxslərə boş iş yerləri (vakansiyalar) təqdim olunub və seçimlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Həmçinin bir sıra imtiyazlı şəxslər bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata götürülüblər. S.Müslümov bildirib ki, nazirliyin bu bölgə üzrə əlilliyi olan şəxslər üçün iki reabilitasiya müəssisəsi – Yevlaxda və Naftalanda Əlillərin Regional Bərpa Mərkəzləri var: “Cənab Prezidentin tapşırığı əsasında reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlər bu mərkəzləri də əhatə edir. Hazırda hər iki mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır, nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində olduğu kimi, onlarda da ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq”.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi