Bakı. 19 sentyabr. REPORT.AZ/ "2018-ci ildə 7 minə yaxın ailə özünəməşğulluq proqramına cəlb olunacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, işsizlik müavinətlərinin vaxtında ödənilməsi, həcminin artması və qanunda nəzərdə tutulmuş qaydada hər kəsə verilməsi təmin olunacaq.
Nazir qeyd edib ki, 2018-ci ilin yanvar ayının 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun praktiki tətbiqinə başlanılacaq: "Onunla bağlı müvafiq qaydalar hazırlanıb, iş davam edir. Yaxın vaxtlarda bunlar yekunlaşacaq. Qanunun yerlərdə praktiki tətbiqinə başlanıldıqdan sonra ordan daxil olan vəsaitlər hesabına həm də özünəməşğulluq proqramları genişləndiriləcək".