Yuxarı
    Bağlamaq

    Səlim Müslümov "Bakı-2015"də medal qazanan paralimpiyaçılarla görüşüb

    Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da zəfər qazanacağına əminliyini ifadə edib

    Bakı. 30 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Bakı-2015"də medal qazanmış paralimpiyaçılarla görüş keçirilib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanda paralimpiya hərəkatının geniş vüsət alması əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların cəmiyyətin həyatında fəal iştirakının təmin olunması üçün aparılan fəal dövlət siyasətinin mühüm uğurlarından biridir: "Bu gün paralimpiyaya daxil olan əksər idman növləri üzrə idmançılarımız var. Onlar Paralimpiya Oyunlarında, beynəlxalq səviyyəli mötəbər yarışlarda ölkəmizi şərəflə təmsil edir, hər dəfə bu yarışlarda böyük uğurlara imza atırlar. Bu ilin iyun ayında Azərbaycanda əsl Olimpiya Oyunları səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan I Avropa Oyunlarında paralimpiyaçılarımız xalqımıza bir daha qələbə sevincini yaşatdılar". 

    "Bakı 2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, iki dəfə Paralimpiya Oyunları, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən paralimpiyaçılara daimi qayğıkeş münasibətinin onları həmişə yeni qələbələrə ruhlandırdığını vurğulayıb. İ.Zəkiyev 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında da zəfər qazanacağına əminliyini ifadə edib. 

    Oyunların gümüş medalçısı, ikiqat dünya çempionu, üçqat gümüş medalçı S.Abdullayeva, Avropa çempionatının və Avropa Oyunlarının bürünc mükafatçısı Z.Mislimov ölkədə paralimpiyaya dövlət qayğısından, onların idmanla məşğul olmalarına, mötəbər yarışlara hazırlaşmalarına yüksək səviyyədə şərait yaradılmasından söz açıb, onlara olan inama gələcəkdə yeni-yeni uğurlarla cavab vermək üçün səylərini artırdıqlarını vurğulayıblar. 

    Baş məşqçi İbrahim İbrahimov paralimpiyaçıların qarşıdakı yarışlarda növbəti yüksək mükafatlara nail olmaq üçün ciddi şəkildə hazırlaşdıqlarını diqqətə çatdırıb.

    Milli Paralimpiya Komitəsinin prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Oyunlar öncəsi, yarışlar zamanı və Oyunlardan sonra paralimpiyaçılarımızın gərgin dəqiqələri, sevincləri və qələbə hissləri barədə səmimi fikirlərini bölüşüb.

    Görüşdə "Bakı-2015" ilk Avropa Oyunlarını, Oyunlarda paralimpiya yarışlarını, idmançılarımızın qələbələrini və medalların təqdim olunması mərasimlərini əks etdirən videoçarx nümayiş etdirilib və qalib paralimpiyaçılara hədiyyələr və gül dəstələri təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi