Yuxarı
    Bağlamaq

    Sahil Babayev: "Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıq inkişaf etdiriləcək"

    Dinlə

    Bakı. 22 may. REPORT.AZ/ "Əfqanıstanla əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin genişləndirilməsi üçün səylər artırılacaq". 

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əfqanıstanın əmək, sosial işlər, şəhid və əlillər naziri Faizullah Zaki İbrahimi ilə görüşündə bildirib.

    “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə S.Babayev ölkəmizin sosial müdafiə sistemi barədə F.Z.İbrahimiyə məlumat verib. Nazir bu sistemdə şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, əmək və sosial müdafiə sahələrində iş mexanizmlərinin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi yönündə aparılan islahatları diqqətə çatdırıb.

    S.Babayev bildirib ki, son illərdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstanın Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Həmin sənədə əsasən, konkret sahələr üzrə müəyyən təcrübə mübadilələri aparılır. Nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq sahəsində əməkdaşlığa öz töhfəsini verəcəyini qeyd edib.

    F.Z.İbrahimi ölkəmizlə əmək və sosial müdafiə sahələrində əlaqələrin güclənməsinə, əmək və sosial məsələlərin həlli sahəsində görülən işlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə və aparılan təcrübə mübadilələrini gələcəkdə daha geniş müstəvidə qurmağa xüsusi önəm verdiklərini bildirib. O, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsinin Əfqanıstan tərəfindən də imzalanmasına hazır olduqlarını vurğulayıb.

    Görüş gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi