Sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfəri Türkiyəyə bərpa müalicəsinə göndərilib

Sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfəri Türkiyəyə bərpa müalicəsinə göndərilib Bu ilin ötən dövründə 245 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilib
Sosial müdafiə
19 Oktyabr , 2015 10:20
Sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfəri Türkiyəyə bərpa müalicəsinə göndərilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfərini Türkiyəyə bərpa müalicəsinə göndərib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Uşaqların və valideynlərinin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ixtisaslaşmış bərpa müalicəsinin yüksək səviyyədə təşkilinin Prezident İlham Əliyevin sosial siyasət kursunun mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb: “Bu istiqamətdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər yüksələn xətlə davam etdirilir. Əgər ötən il 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilmişdisə, yalnız bu ilin ötən dövründə onların sayı 52,1 faiz artaraq 245 nəfərə çatıb ki, bu da ölkədə bütün sosial proqramlar kimi, əlilliyi olan şəxslərlə bağlı proqramların da uğurla davam etdirildiyini göstərir”.

N.Məmmədov Azərbaycandan göndərilən həmin şəxslərin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz hoteldə yerləşdirildiklərini qeyd edib. Nazir müavini bildirib ki, həmin bölgə hətta çətin sağalan xəstəliklərin müalicəsində faydalı olan təbii müalicəvi resurslarla zəngindir: “Mərkəzdə də bu imkanlardan istifadə olunmaqla və innovativ tibbi texnologiyalar tətbiq edilməklə peşəkar həkim personalı tərəfindən səmərəli fizioterapevtik müalicə prosedurları həyata keçirilir. Bizim ötən müddətdə həmin mərkəzə göndərdiyimiz insanlar orda müalicə kurslarından sonra səhhətlərində xeyli yaxşılaşma olduğunu, həm müalicələrdən, həm də digər xidmətlərdən razı qaldıqlarını bizə bildirirlər. Göndərilən şəxslərlə yanaşı, nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunur ki, orada həm bu insanlara xidmətlərin göstərilməsi işlərinə nəzarət etsin, həm də Mərkəzin təcrübəsini öyrənsin”.

Son xəbərlər

Orphus sistemi