Sabirabadda yol problemi - sakinlər şikayətlənir, bələdiyyə vəd verir

Sabirabadda yol problemi - sakinlər şikayətlənir, bələdiyyə vəd verir Sabirabadın Cəngan kəndində yol bərbad olduğundan əhali çətinliklərlə üzləşib.
Sosial müdafiə
16 Noyabr , 2022 17:49
Sabirabadda yol problemi - sakinlər şikayətlənir, bələdiyyə vəd verir

Sabirabad rayonunun Cəngan kəndinin yolları bərbad vəziyyətdə olduğundan sakinlərə ciddi çətinliklər yaradır.

Sakinlər “Report”un Aran bürosuna bildiriblər ki, yaşayış məntəqəsində yol problemi uzun illərdir həll olunmur.

Kəndarası yollar təmir edilmədiyindən bərbad hala düşüb. Yağış yağan kimi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşır.

Kənddə birinin xəstəsi olarsa və ya kiminsə evi yanarsa təcili yardım, yanğınsöndürən maşınlar gəlib çatana kimi artıq iş-işdən keçir.

Sakinlərin sözlərinə görə, uşaqlar da məktəbə gedib-gəlməkdə çətinlik çəkir, bu da onların dərsə davamiyyətinə mənfi təsir göstərir.

Digər tərəfdən də kəndarası yollarda hərəkət edən avtomobillər tez-tez sıradan çıxır.

Bununla bağlı aidiyyəti qurumlara müraciət olunsa da, yalnız vədlər verilib, amma nəticəsi olmayıb.

Kənd bələdiyyəsindən “Report”un yerli bürosuna bildirilib ki, uzunluğu 13 kilometr olan kəndarası yolların təmiri dövlət planına salınıb. Gələn ildən yolların təmirinə başlanacaq, bununla da əhalini narahat edən bu problemə biryolluq son qoyulacaq.

Son xəbərlər

Orphus sistemi