Sabah Binəqədi rayonunda səyyar əmək birjası keçiriləcək

Sabah Binəqədi rayonunda səyyar əmək birjası keçiriləcək İlin əvvəlindən Bakının müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün 7 səyyar əmək birjası təşkil olunub
Sosial müdafiə
26 Fevral , 2015 12:07
Sabah Binəqədi rayonunda səyyar əmək birjası keçiriləcək

Bakı. 26 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olması məqsədilə Bakı şəhərinin rayonlarında səyyar formada əmək birjaları təşkil olunur. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səyyar əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilən nəqliyyat vasitəsilə təşkil edilir. Müəyyən olunan günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlandırılırlar. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.

Cari ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın artıq şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb.

Növbəti belə tədbir fevralın 27-də Binəqədi rayon ərazisində (7-ci mkr, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığı) keçiriləcək. Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğulluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Bu tədbirlərin mütəmadi olaraq bütün il boyu davam etdirilməsi nəzərdə tutulur.  

Son xəbərlər

Orphus sistemi