Yuxarı

Qırılmaz zəncirin hissələri - MƏQALƏ

Ailə təmənnasız sevginin fərdlər arasında mübadilə etdiyi kiçik bir qrupdur

Bakı. 14 may. REPORT.AZ/ May ayının 15-i Beynəlxalq Ailə Günü kimi qeyd olunur. 

"Report" hakim Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayevanın Beynəlxalq Ailə Gününə həsr olunan "Qırılmaz zəncirin hissələri" adlı məqaləsini təqdim edir.

Hər bir insan dünyadakı ən böyük sərvətə - xoşbəxt bir ailəyə malik olmaq arzusundadır. Ailə təmənnasız sevginin fərdlər arasında mübadilə etdiyi, ən saf, təmiz duyğuların bölüşüldüyü, üzvlərin vahid bir vücud olduğu kiçik bir qrupdur. Dünyada hansı sərvət şirin, məsum balalardan, sevgi dolu bir ailədən daha dəyərli ola bilər ki?

Bu günə kimi qarşılaşdığım ailələr arasında məni hər zaman heyrətləndirən nümunələrə Daun sindromlu şəxslərin ailələrinin timsalında rast gəlmişəm. Dünyaya hamıdan fərqli – Daun sindromlu bir övlad gətirəcəyini bilərək hər gün onun doğulmasına neçə gün qaldığını hesablayan o müqəddəs analar gözlərimin önündən keçir. Doğrudur, bütün valideynlər dəyərlidirlər. Lakin bütün əziyyətlərini, çətinliklərini nəzərə alaraq taleyin bu çətin sınağına qatlaşan o insanlar – Daun sindromlu şəxslərin valideynləri mənim nəzərimdə ikiqat dəyərlidirlər. Həyatın qaranlıq üzünü dərk etmək iqtidarında olmayan, məsumluqlarına ömür boyu sadiq qalaraq intriqaları, pislikləri, şər əməlləri dərk etməkdən birdəfəlik imtina edən Daun sindromlu insanları bütün “rənglər”in, xüsusilə də “qara”nın hər an cövlan etdiyi bir dünyada böyüdüb boya-başa çatdırmaq əlbəttə ki, heç də asan deyil. Bu insanlar çox zaman öz uşaqlıq arzularından, şıltaqlıqlarından həmişəlik imtina etməli olurlar. Bu valideynlər övladlarını həyatlarının mərkəzində yerləşdirir və son nəfəslərinə qədər onun xoşbəxtliyi üçün mübarizə aparırlar.

Hazırda “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 175 nəfər qeydiyyatdadır. Valideynlərin sayı isə bu rəqəmin iki qatı qədərdir. Bu isə ömrünü övladına həsr edən 350 valideyn deməkdir. Onlar necə də fədakardırlar… Bunu ürəkdən dərk etdiyim üçün Daun sindromlu şəxslərin ailələri ilə ünsiyyət zamanı həmişə bir qədər həssas və çəkingən oluram. Söhbət zamanı istəmədən onların qəlbini qırmaqdan, əziyyətlərinə verdiyim dəyəri lazımınca göstərə bilməməkdən qorxuram. Daun sindromlu şəxsləri vahid bir məkanda birləşdirən mərkəzimiz yarandığı gündən bəri Daun sindromlu şəxslərin sosiallaşması, cəmiyyətə adaptasiyası istiqamətində görülən işlər artıq heç kəsə sirr deyildir. Lakin mənim də daxil olduğum olduqca kiçik bir qrupun şahid olduğu mühüm bir məqam da var: Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Daun sindromlu şəxslərlə yanaşı, onların ailələrinin, valideynlərinin də sosiallaşmasında əvəzsiz rol oynamaqdadır.

Valideynlərin bir neçəsi ilə söhbətim zamanı onların ictimai yerlərdə ətrafdakı insanların övladlarına tuşlanan baxışlarından necə narahat olduqlarını öyrənmişəm. Hazırda mərkəz həmçinin eyni təcrübələri, çətinlikləri bölüşən bu valideynləri də birləşdirən ortaq bir məkan rolunu oynayır. Onlar da daxilən özlərinə yaxın olan insanlarla tanış olur, dərdlərini bölüşür, təcrübə mübadiləsi aparırlar. Onları müşahidə edən zaman anlayıram ki, vahid bir məkanda görüşmək hər birinin həyatına müsbət təsir edir. Hər ay mərkəzdə təşkil olunan psixoloqların seminarları da bu istiqamətdə mühüm rol oynayır. Seminarlar zamanı Daun sindromlu şəxslərin ailələri övladlarını yetişdirmə prosesində onlara faydalı olacaq bir çox məsələlər barəsində məlumatlandırılırlar. Nəticədə bəlkə də uzun illər boyu heç kəsin onları anlamadığını düşünən bu ailələr həm daxili rahatlıq tapır, həm də övladlarını cəmiyyətə faydalı bir fərd kimi yetişdirməyə daha cəsarətlə yanaşırlar.

Ardınca millətimin keçdiyi son sınaqlarda ən böyük mətanəti göstərən insanları – şəhid ailələrini xatırlayıram. Həyatını ona bəxş edilən ən böyük mükafata – övlada həsr edən insanın fədakarlığı heyrətamizdir. Övladını ən müqəddəs amal – Vətən uğrunda şəhid verən o insanların fədakarlıqları heç nə ilə müqayisə edilə bilməz. Qəlblərində qopan fırtınanı dindirərək kədəri fərəhə, qəm-qüssəni qürrəyə, göz yaşlarını məğrur təbəssümə çevirə bilən şəhid ailələri mənim nəzərimdə övladları qədər uca bir zirvəyə yüksəliblər. Çünki Vətən uğrunda canından keçən bir şəhid nə qədər dəyərlidirsə, övladını ana torpağa tapşıraraq həyata davam etməli olan, başqa bir dünyada onun ruhuna qovuşacağı anla təsəlli taparaq övladının qəhrəmanlığı ilə qürur duyan şəhid ailələri də bir o qədər dəyərlidirlər. Balasının barmağı azca qanayanda bütün dünyanı qarşısına almağa hazır olan bir ananın, atanın həmişə onun gözündə balaca, şirin bir uşaq olan övladının yoxluğu ilə razılaşması heç də asan deyil. Lakin o insanlarda Vətən sevgisi o dərəcədə dərindir ki, öz ağrılarını ikinci plana qoyur, millətin, xalqın gələcəyini, Vətənin bütövlüyünü öz dərdlərindən üstün tuturlar…

Vətənə, millətə faydalı bir övlad böyütməyi qarşısına məqsəd qoyan bütün ailələr qırılmaz bir zəncir meydana gətirməyə qadirdirlər. Taleyinə xüsusi diqqət, qayğı tələb edən övladlar yetişdirmək missiyası düşən valideynlər bütün çətinliklərin qarşısında dik dayanmaqla, heç zaman şikayətlənmədən valideynlik borclarını yerinə yetirməklə, bu zənciri daha da möhkəmləndirirlər. Nəhayət, çox böyük zəhmətlər hesabına yetişdirdiyi canından dəyərli övladını Vətən uğrunda şəhid verən ailələr – onların valideynləri, həyat yoldaşları, bacı-qardaşları və yaxınları – bu zənciri qırılmaz edirlər.

Hər ailə kiçik bir dövlət, hər bir dövlət isə böyük bir ailədir. Mütləq birliyin, bərabərliyin təmin olunması, zəncirin qırılmaz olması üçün bütün “rənglər”in vəhdəti mütləqdir. Ona görə də gəlin birliyimizi daha da sarsılmaz edək! Zəncirimizi daha da möhkəmləndirək! Fədakarlıqları ilə hər birimizə nümunə olan o müqəddəs ailələrin qarşısında bir ana kimi baş əyirəm! Sizlərin ibrət dolu əməlləriniz bizi daha da ruhlandırır! Gözəl bir ailəsi olan, nümunəvi bir ailədə böyüyən, ideal bir ailə yaratmağı qarşısına məqsəd qoyan və ya həyatı boyu ailə nisgili ilə yaşayan bütün insanları, bir sözlə, hər kəsi Beynəlxalq Ailə Günü münasibətilə ürəkdən təbrik edirəm! Ailə zənciriniz sarsılmaz olsun!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi