Yuxarı

Qəbələdə yeni açılan “ASAN xidmət” regional mərkəzinə press-tur təşkil edilib

Mərkəzin direktoru: “Mərkəzdə əməkdaşların sayı 155, könüllülərin sayı 45-dir”

Bakı-Qəbələ-Bakı. 23 avqust. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Qəbələ şəhərində yeni açılan “ASAN xidmət” regional mərkəzinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə mərkəzə press-tur təşkil edib.

“Report”un press-turda iştirak edən əməkdaşının verdiyi məlumata görə, media nümayəndələri Qəbələ “ASAN xidmət” mərkəzinda yaradılan şəraitlə tanış olub, mərkəzin rəhbərliyi və işçi heyəti ilə söhbətləşiblər.

Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev bildirib ki, regional mərkəzinin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb: “Mərkəzin inzibati binasının tikintisi 2016-cı ilin iyul ayında başa çatdırılıb. Bina 4 mərtəbə və texniki zirzəmidən ibarətdir. Mərkəzdə əməkdaşların sayı 155, könüllülərin sayı 45-dir”.

Onun sözlərinə görə, Qəbələ “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı 32 növ xidmət göstərir: “Mərkəzdə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi xidmətlərini vətəndaşlara təqdim edir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s. təşkil edilib”.

Direktor qeyd edib ki, mərkəzdə video-müşahidə, video-növbə sistemi, lift, 6 eskalator, yanğın təhlükəsizliyi sistemi, mərkəzi ventilyasiya sistemi, mərkəzi isitmə və soyutma sistemi, davamlı elektrik enerjisi ilə təmin edən UPS və generatorlar quraşdırılıb: “Mərkəzin ərazisində park salınıb, fontanlı kaskad şəlalə, uşaqlar üçün oyun meydançası, velosiped yolu, oturacaqlar, LED işıqlandırmalı fonarlar və informasiya tabloları, 120 avtomobillik park yeri, başqa regionlardan gələn vətəndaşlar üçün avtobus dayanacağı tikilib. Qəbələ “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan ərazisində qeydiyyatda olan, ümumilikdə 902 435 vətəndaşa xidmət göstərəcək”.

Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, hazırda Azərbaycanda 10 “ASAN xidmət” mərkəzi var: “Onlardan 5-i paytaxtda yerləşir. Bu il ərzində Masallıda “ASAN xidmət” mərkəzi açılacaq. Daha sonra Şəkidə və Qubada mərkəzlərin açılması nəzərdə tutulub”.

Şöbə müdiri qeyd edib ki, Vətəndaşlar “ASAN xidmət” mərkəzinə gəlmədən mərkəzin göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı həm “ASAN xidmət”in rəsmi internet səhifəsindən, həm də “108” çağrı mərkəzinə zəng etməklə əldə edə bilərlər: “Çağrı mərkəzinə stasionar telefonlarla edilən zənglər ödənişsizdir. Vətəndaşlar həftə içi 10:00-dan 19:00, şənbə günü 10:00-dan 14:00-dək “108” çağrı mərkəzinə zəng edərək canlı rejimdə ünvanladıqları suallara cavab tapa bilərlər”.

A.Hüseynovun sözlərinə görə, hər yeni “ASAN xidmət” mərkəzinin açılışında xidmət sahəsinə uyğun olaraq müxtəlif innovativ layihələr təqdim edilir: “Bu innovativ tədbirlər həm “ASAN xidmət” mərkəzində çalışan əməkdaşlar, həm də mərkəzdə fəaliyyət göstərən könüllülər tərəfindən təklif olunana layihələr və ideyalardır. Bu layihələr xidmətin göstərilməsi zamanı səmərəliliyin artırılması və vətəndaşlara daha innovativ üsullarda xidmətin göstərilməsinə hər hansı bir tövhə verirsə, biz çalışırıq bu layihəni icra edək”.

Qeyd edək ki, Qəbələ “ASAN xidmət” mərkəzi Qəbələ şəhəri, Elçin Kərimov küçəsi 79 ünvanında yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi