Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verdi. Bildirildi ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir. Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.
Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.
Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.
Dövlətimizin başçısı Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.
***09:52
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına layihə barədə məlumat verib.
Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.