Ötən il həbsdən azad olunan 5 823 nəfərə birdəfəlik pul müavinəti verilib

Ötən il həbsdən azad olunan 5 823 nəfərə birdəfəlik pul müavinəti verilib 2015-ci ildə keçmiş məhbuslardan 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib
Sosial müdafiə
25 Yanvar , 2016 14:44
Ötən il həbsdən azad olunan 5 823 nəfərə birdəfəlik pul müavinəti verilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanın penitensiar müəssisələrində cəza çəkməkdən azad olunan, tibbi və sosial yardıma ehtiyac duyan 5 823 nəfər şəxs birdəfəlik pul müavinəti ilə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq keçmiş məhbusların hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Ötən il ərzində həmin şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Məlumata görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda inşa olunan penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də belə şəxslərin sosial və peşə adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirəcək. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid olduqlarından məşğulluq orqanları tərəfindən onların müəssisələrdə ayrılan kvota üzrə iş yerləri ilə təminatı işləri də görülür.   

Son xəbərlər

Orphus sistemi