Ötən il Azərbaycanda iş yerlərində əmək qanunvericiliyinin pozulması faktlarının sayı açıqlanıb

Ötən il Azərbaycanda iş yerlərində əmək qanunvericiliyinin pozulması faktlarının sayı açıqlanıb Aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6 faiz azalıb
Sosial müdafiə
8 Yanvar , 2016 10:49
Ötən il Azərbaycanda iş yerlərində əmək qanunvericiliyinin pozulması faktlarının sayı açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması və s. ilə bağlı olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib. Həmçinin əmək hüquqlarının pozulması hallarına bir daha yol verilməməsi üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb, onlara zəruri metodiki köməkliklər göstərilib.

Hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6 faiz azalıb. 

Son xəbərlər

Orphus sistemi