Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək Ombudsman “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq qurumlara məktubla müraciət edib
Sosial müdafiə
2028
11 Oktyabr , 2017 17:56
Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək.

Bu barədə "Report"a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bu il Azərbaycan Respublikası tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində respublikamızda bir sıra mühüm tədbirlər həyata keçirilib.

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilib.

Ombudsman “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Hər il keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilib və aylığın sonuna qədər gerçəkləşdiriləcək tədbirlər haqqında məlumatlar Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi