Yuxarı

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasına baş çəkib

Başçəkmə çərçivəsində bəzi müraciətlər yerində təmin edilib

Bakı. 13 aprel. REPORT.AZ/ İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə müəssisənin kameraları, yeməkxanası və digər obyektlərinə baxış keçirilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, habelə bəzi müraciətlər yerində təmin edilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmiş, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi