Yuxarı

​Ombudsman Aparatının nümayəndələri Leyla Yunus və Xədicə İsmayılova ilə görüşüb

Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı BİT-in kameralarına baxışlar keçirilib, qış rejiminə keçidlə bağlı saxlama şəraiti, istilik, qidalanma, içməli, isti və soyuq su təminatı, habelə tibbi yardım, sovqat, görüş və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 50-dan çox saxlanılan şəxs, o cümlədən Leyla Yunusova, Xədicə İsmayılova fərdi qaydada qəbul edilib, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, bir sıra müraciətlər yerində təmin edilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, saxlanılma şəraiti ilə bağlı qaldırdıqları bir sıra məsələlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna, İstintaq təcridxanalarının daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi və saxlanılan şəxslərin müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi