Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsinə baxış keçirib

Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsinə baxış keçirib Yaxın günlərdə mənzillərin hərbi qulluqçuların istifadələrinə verilməsi gözlənilir
Sosial müdafiə
17 Mart , 2016 11:19
Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsinə baxış keçirib

Bakı. 17 mart. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Murad Babayev Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Hüquq şöbəsinin rəisi Elşad İbrahimovla birgə Türkan qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəyə baş çəkərək şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

Hərbi qulluqçularla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.

Hərbi qulluqçularla görüş zamanı bildirilib ki, dövlət tərəfindən ölkə əhalisinin və ərazilərin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi məqsədi ilə hərbi hissənin şəxsi heyəti üçün lazımi şərait yaradılıb.

Həmçinin qeyd olunmalıdır ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 40 mənzil olmaqla iki beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb, bütün mənzillər mətbəx, yataq və digər mebellər və avadanlıqlarla tam təmin edilib. Yaxın günlərdə mənzillərin hərbi qulluqçuların istifadələrinə verilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi