​Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirib

​Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirib Müvəkkil tərəfindən həmin müəssisədə 100-dən çox məhkum qadın fərdi qaydada dinlənilib
Sosial müdafiə
25 İyun , 2015 17:10
​Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti dəfə başçəkmə həyata keçirib. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

CÇM-in yataqxanalarına, yeməkxanasına və tibb-sanitar hissəsinə baxışlar keçirilib. Müəssisə ərazisində obyektlərin təmir olunduğu, müsbət dəyişikliklərin həyata keçirildiyi, saxlama şəraitinin, qidalanma vəziyyətinin yaxşılaşdırıldığı, məhkum qadınların məşğulluq imkanlarının artırıldığı, yeni stomatoloji kabinetin təşkil olunduğu və müasir avadanlıqla təchiz edildiyi, ümumən keyfiyyətli tibbi xidmətin göstərildiyi müəyyən edilib.

Müvəkkilin əvvəlki tövsiyələri də nəzərə alınmaqla görülmüş tədbirlər nəticəsində məhkum qadınların vəziyyətinin yaxşılaşdığı müşahidə edilib.

Başçəkmə zamanı Ombudsman tərəfindən həmin müəssisədə 100-dən çox məhkum qadın fərdi qaydada dinlənilib, habelə 30 nəfər öz xahişi ilə təkbətək qəbul edilib, ərizə və müraciətlərinə baxılıb. Məhkumlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, qaldırdıqları sosial və ailə məsələləri ilə bağlı onlara hüquqi məsləhətlər verilib. Müvəkkil səlahiyyətləri çərçivəsində onların problemlərinin həllində yardımçı olacağını bildirib.

E.Süleymanova körpəsi olan məhkum qadınlarla da görüşüb, anaların və uşaqların vəziyyətini öyrənib, əhval-ruhiyyəsi, sağlamlıq durumu ilə maraqlanıb.

Söhbət aparılan məhkum qadınlar saxlanma şəraitindən, onlara qarşı rəftardan, verilən qidanın keyfiyyətindən və göstərilən tibbi xidmətdən razı olduqlarını bildiriblər.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Son xəbərlər

Orphus sistemi