Bu günlərdə müvafiq rayonda Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (rayonun və zərərçəkənin adı konfidensiallığın qorunması məqsədilə qeyd olunmur) Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib.
Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.
Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.
Məişət zorakılığının xüsusiyyətini və bu zəmində indiyədək baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda yenidən qaytarılmasının böyük risk olduğu baş vermiş bu hadisə zamanı da nəzərə alınmışdır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilmişdir. Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilmiş, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılmış, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılmışdır.
Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilmişdir. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb edilmişlər. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə apardığımız, dövlətimizin ailələrin qayğısına qaldığı çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir,cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır.