Yuxarı

Ötən il intizam tənbeh tədbirləri tətbiq edilən dövlət qulluqçularının sayı açıqlanıb

10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün "Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat" mövzusunda dəyirmi masa keçirilib. "Report" xəbər verir ki, tədbirdə dövlət orqanlarının nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.

Çıxış edən Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, qurum tərəfindən dövlət qulluğuna qəbulda neqativ halların qarşısı alınıb: "Komissiyanın keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4 786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub".

O, Komissiyanın dövlət orqanları ilə sıx və faydalı əməkdaşlıq etdiyini, onların böyük əksəriyyətinin öz fəaliyyətlərində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə riayət etdiyini bildirib. Sədr müavini Komissiya tərəfindən bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktlarının aşkar edildiyini də vurğulayıb.

Çıxış edən Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirib ki, 2007-2014-cü il ərzində keçirilən müsabiqə və müsahibə mərhələlərində ümumilikdə 153 dövlət orqanı üzrə 13 387 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb: "Müsabiqə və müsahibələrdə 58 527 namizəd iştirak edib ki, onlardan 5 485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib, 4 786 nəfəri isə müvafiq vəzifələrə təyin edilib".

Komissiyasının Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və etik məsələlər üzrə maarifləndirmə sahəsində Komissiyanın gördüyü işlərdən danışaraq qeyd edib ki, daxil olan 34 şikayət araşdırılıb və etik davranışla bağlı dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilən məlumatlar ümumiləşdirilib: "Keçən il üzrə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərini pozan dövlət orqanları tərəfindən 343 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 319 nəfərə töhmət verilib, 10 nəfər dövlət qulluğundan azad edilib, digər 10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi